17 oktyabr 2026 14:20
117

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin inkişaf etdirilməsi, onların təşkilatlanmasının gücləndirilməsi və vahid milli həmrəyliyin möhkəmləndirilməsi Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi layihə və proqramların əsas istiqamətlərindəndir.

“İki sahil” xəbər verir ki, bu məqsədlə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Yunanıstana səfəri çərçivəsində Afinada yaşayan soydaşlarımızla görüş keçirilib. Görüşdə diaspor fəaliyyətinin gələcək istiqamətləri və əməkdaşlıq imkanları müzakirə olunub.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Görüşdə Prezident İlham Əliyevin çıxışlarının yer aldığı videoçarxlar nümayiş edilib, Azərbaycan icmasının fəaliyyəti, milli həmrəyliyin gücləndirilməsi və gələcək təşəbbüslərin dəstəklənməsi məsələləri diqqət mərkəzində olub.

Azərbaycanın Yunanıstandakı səfiri Arif Məmmədov bu ölkədə yaşayan soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyasından və Azərbaycanın tanıdılması istiqamətində həyata keçirdikləri uğurlu təşəbbüslərdən danışıb.

Komitə sədri Fuad Muradov isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasətinin xarici ölkələrdə yaşayan azərbaycanlıların vahid milli kimlik ətrafında birləşməsinə və icmalaşma prosesinin sürətlənməsinə böyük töhfə verdiyini vurğulayıb.

Komitənin layihə və proqramları barədə ətraflı məlumat verən sədr xarici ölkələrdə yaşayan azərbaycanlıların koordinasiyalı fəaliyyətinin gücləndirilməsi və ölkəmizi uğurla təmsil etmələri istiqamətində mühüm irəliləyişlərin əldə olunduğunu qeyd edib.

Görüş çərçivəsində Şərqi Avropa Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Yunanıstanın Afina şəhəri üzrə koordinatoru da seçilib. Koordinator Yunanıstanda yaşayan azərbaycanlıların təşkilatlanması ilə bağlı fikir və təkliflərini səsləndirib.

Səmimi şəraitdə davam edən görüşdə icma üzvlərini maraqlandıran suallar cavablandırılıb, yeni təşəbbüslərlə bağlı fikir mübadiləsi aparılıb.