17 oktyabr 2026 11:59
115

Səudiyyə koalisiyası Yəməndə husilərin iki raket qurğusunu məhv edib

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiya Yəmənin şimalındakı Səədə əyalətində husilərin iki ballistik raket buraxılış qurğusunun məhv edildiyini bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə Yaxın Şərq mediası məlumat yayıb.

Bildirilib ki, husilərin mövqelərinə zərbə ötən gecə endirilib. Eyni vaxtda Səudiyyə Ərəbistanının Xamis-Muşayt və Abha şəhərlərində hava həyəcanı elan edilib.

Yaxın Şərq mediasında həmçinin qeyd olunub ki, ABŞ-nin "The Wall Street Journal" (WSJ) qəzetinin məlumatına görə, İran husilərə onların beynəlxalq səviyyədə tanınmış Yəmən hökuməti və Səudiyyə Ərəbistanı qüvvələri ilə qarşıdurmasında kəşfiyyat və hərbi dəstək göstərir.

WSJ Səudiyyə Ərəbistanının və rəsmi Yəmənin kəşfiyyat məlumatları ilə tanış olan mənbələrə istinadən bildirib ki, Tehran husilərə raket zərbələrini və pilotsuz uçuş aparatlarının hücumlarını əlaqələndirməyə kömək edir, kəşfiyyat məlumatları təqdim edir, həmçinin yaraqlıların hazırlığına köməklik göstərir və taktiki dəstək verir.