17 oktyabr 2026 08:38
125

İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

ABŞ hərbi qüvvələri İranın 25 milyard dollar dəyərində xam neft ixracının qarşısını alıb, həmçinin 350 milyon dollar dəyərində kriptovalyuta aktivlərinin dondurulmasına kömək edib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuper videomüraciətində bildirib.

Onun sözlərinə görə, maliyyə məhdudiyyətləri İranın silahlı qrupları maliyyələşdirmək və hərbi infrastrukturunu bərpa etmək imkanlarını zəiflədib.

Kuper qeyd edib ki, ABŞ-nin təzyiqləri İranın neft ixracına, rəqəmsal maliyyə əməliyyatlarına və təhlükəsizlik qüvvələrinin maliyyələşdirilməsinə təsir göstərib. Onun iddiasına görə, ölkədə bir sıra sektorlarda maaşların, pensiyaların və müavinətlərin ödənilməsi də gecikdirilir.

Admiral əlavə edib ki, maliyyə çətinlikləri İranla əlaqəli silahlı qruplara da təsir edir.

Kuperin sözlərinə görə, ABŞ-nin İranın dəniz ticarətinə tətbiq etdiyi blokada qüvvədə qalır. Humanitar yardımlar isə məhdudiyyətlərdən istisna təşkil edir.