16 oktyabr 2026 11:24
104

Məcnun Məmmədov: Əsas hədəfimiz məhsuldarlığın və fermerlərin gəlirlərinin artırılmasıdır

Aqrar transformasiyanın uğuru yeni texnologiyaların tətbiqi ilə yanaşı, fermerlərin bilik və bacarıqlarının artırılmasından, müasir həllərə çıxışın genişləndirilməsindən və kiçik təsərrüfatların innovasiyalardan faydalanmasından asılıdır. Əsas hədəfimiz məhsuldarlığın və fermerlərin gəlirlərinin artırılması, kənd yerlərində həyat səviyyəsinin yüksəldilməsidir.

“İki sahil” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov 16 Oktyabr- Ümumdünya Qida Gününə həsr olunmuş "Bu gün innovasiya et, sabahın qidasını təmin et” adlı tədbirdə çıxış edərkən deyib.

Nazir qeyd edib ki, emal, saxlanma və logistika infrastrukturunun inkişafı da məhsul itkilərinin azaldılmasına, əlavə dəyərin və məşğulluq imkanlarının yaradılmasına xidmət edir:"Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın məqsədlərinə nail olunmasında beynəlxalq əməkdaşlığın genişləndirilməsi də mühüm rol oynayır. Beynəlxalq təşkilatlarla, eləcə də qabaqcıl aqrar təcrübəyə malik ölkələrlə əməkdaşlığın dərinləşdirilməsi, müasir texnologiyaların və biliklərin mübadiləsi, birgə tədqiqatların həyata keçirilməsi əsas prioritetlərimizdəndir".