13 oktyabr 2026 18:17
121

Hər sözü həyat və quruculuqla səsləşən yaradıcılıq

Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist Rövşən Ağayevin növbəti kitabı işıq üzü görmüşdür. Kitaba müəllifin son üç ildə Azərbaycanın dövri nəşrlərində dərc olunmş məqalələri, həmçinin onun bilavasitə iştirakı, təşkilatçılığı və dəstəyi ilə keçirilən müxtəlif formatlı çoxsaylı tədbirlər və həmin tədbirlərdəki çıxışları haqqında məlumatlar daxil edilmişdir. Ümumiyyətlə, qeyd etmək maraqlıdır ki, Rövşən Ağayev son illər idarəçilik fəaliyyəti ilə yanaşı, məhsuldar yaradıcılığı ilə də diqqəti cəlb etmişdir.

Bu mənada onun bu günlərdə oxucularına təqdim etdiyi növbəti kitabı fərqli yaradıcılıq istiqamətləri və məzmunu ilə oxucular arasında geniş rezonans doğurur.  “Təhsil. Tarix. Cəmiyyət. İnsan” adı ilə oxuculara təqdim olunan bu kitaba son illərin müxtəlif məzmunlu yaradıcılıq nümunələri daxil edilmişdir. Bu nümunələr struktur və məzmun baxımından əvvəlki nəşrlərdən bir sıra xüsusiyyətləri və maraqlı düzülüşü ilə fərqlənir. “Tarixdə əbədi iz qoyan LİDER: HEYDƏR ƏLİYEV”, “Xalqın intellektual potensialını formalaşdıran onun təhsil sistemi”, “Qarabağa və Şərqi Zəngəzura yeni həyat gəlir”, “Qərbi Azərbaycan bizim tarixi yaddaşımızdır”, “Tarixi faktlar” və başqa bölmələrə daxil edilmiş hər bir yazıda  Qarabağ və Böyük Qayıdış, Qərbi Azərbaycan, təhsil və gənclərin milli-mənəvi tərbiyəsi, mina təhlükəsizliyi üzrə maarifləndirmə, dövlətçilik və tarixi yaddaş məsələləri barədə əksini tapmış faktlar, fikirlər, düşüncələr böyük maraqla oxunur.

Artıq qeyd etdiyimiz kimi, bir neçə maraqlı istiqamət üzrə sistemləşdirilmiş bu kitabda Ümummilli Liderimiz, dahi dövlət xadimi Heydər Əliyevin fəaliyyəti ilə bağlı xatirələr birinci sırada dayanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış Proqramının icrası ilə bağlı görülən nəhəng quruculuq və bərpa işləri də geniş şəkildə işıqlandırılmışdır. Bunlarla yanaşı, xalqımızın intellektual potensialını formalaşdıran təhsil sistemimiz barədə düşüncələr və bu sahədə həyata keçirilən tədbirlər, Qərbi Azərbaycana qayıdışla bağlı görülən işlər və digər mövzularda yazılar da böyük maraqla oxunur.

Yeni nəşri oxuyub tamamladıqdan sonra buraya daxil edilmiş materiallar barədə düşüncələrimi qələmə almaq qərarına gəldim. Üstəlik də hesab edirəm ki, uzun illər dostluq etdiyim Rövşən Ağayevin əsərlərinin ilk oxucularından biri kimi onun yaradıcılıq xüsusiyyətləri barədə ümumiləşdirilmiş düşüncələrimi oxucularla bölüşmək maraqlı olardı. Nəticədə bu məqalədə kitabda verilmiş yazıların qısa təhlili ilə yanaşı, müəllifin son illərdəki publisistik yaradıcılığı və əsas fəaliyyət sahəsi ilə bağlı gördüyü işlər barədə müşahidələrimi yazmağı daha məqsədəuyğun hesab etdim.

İlk növbədə qeyd edim ki, müasir dövrdə Azərbaycanımızın ictimai fikir məkanında dövlət idarəçiliyi, təhsil, tarixi yaddaş, milli-mənəvi dəyərlər və vətənpərvərlik məsələlərinin elmi-publisistik müstəvidə təhlili xüsusi aktuallıq kəsb edir. Bu baxımdan Rövşən Ağayevin son illərdəki çoxşaxəli yaradıcılığı və ictimai-maarifləndirici fəaliyyəti diqqətəlayiqdir. Uzun müddət dövlət idarəçiliyi və təhsil sistemində çalışmış Rövşən Ağayev eyni zamanda davamlı olaraq mətbuatda məhsuldar publisist kimi çıxış etmiş, elmi-publisistik yazılarında cəmiyyəti düşündürən aktual məsələləri işıqlandırmışdır.

Onun yaradıcılıq fəaliyyətində bir-biri ilə sıx əlaqəli olan bir neçə əsas istiqaməti xüsusi qeyd etmək lazımdır. Bunlara ilk növbədə Qarabağ və Böyük Qayıdış ideyasının ictimai şüurda möhkəmləndirilməsi, Qərbi Azərbaycan məsələsinin tarixi yaddaş və təhsil kontekstində təqdimatı, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, təhsil müəssisələrində təhlükəsizlik və maarifləndirmə işinin gücləndirilməsi, həmçinin dövlətçilik və milli həmrəylik ideyalarının təbliği aid edilə bilər.

Rövşən Ağayevin fəaliyyətinin mühüm xüsusiyyətlərindən biri onun yaradıcılıq fəaliyyətinin uzun illər dövlət idarəçiliyi və təhsil sahəsindəki praktiki fəaliyyəti ilə üzvi şəkildə əlaqələndirilməsidir. Onun məqalə və çıxışlarını yalnız fərdi publisistik mövqe kimi yox, həm də müasir Azərbaycan cəmiyyətində tarixi yaddaşın, vətəndaşlıq məsuliyyətinin və milli dəyərlərin qorunub saxlanmasına və təbliğinə yönəlmiş ictimai-maarifləndirici fəaliyyətin tərkib hissəsi kimi qiymətləndirmək lazımdır.

Bu baxımdan onun yaradıcılığında Qarabağ mövzusu xüsusi xətt kimi keçir. Daha dəqiq desək, Qarabağ problemi yalnız hərbi-siyasi hadisələr müstəvisində deyil, həm də tarixi yaddaş, mədəni irs, şəxsiyyətlərin həyat və yaradıcılığı, milli kimlik və mənəvi dəyərlər kontekstində nəzərdən keçirilir. Bu istiqamətlər müəllifin bütün yaradıcılığı boyu müşahidə olunur, son illərdə isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə əlaqədar yeni məzmun kəsb etmişdir.

Qarabağla bağlı yazılarda bir neçə məqamı xüsusi qeyd etmək istəyirəm.  Birincisi, Qarabağın Azərbaycanın tarixi-mədəni məkanının ayrılmaz hissəsi və milli-mədəni mərkəzi kimi təqdim olunmasıdır. İkincisi, işğal dövründə Azərbaycan xalqının üzləşdiyi faciələrin və erməni vandalizminin nəticələrinin, o cümlədən dağıdılmış mədəni irsimizin yaddaşlarda qorunub saxlanması istiqamətində səmərəli fəaliyyətdir. Üçüncüsü, tarixi Zəfərimizdən sonra Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin yeni tarixi mərhələ kimi qiymətləndirilməsidir.

Son dövr yazılarında isə “Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış” ideyası daha geniş yer tutur. Bu konsepsiya R.Ağayevin təqdimatında yalnız ərazilərin fiziki bərpası ilə məhdudlaşmır, burada tarixi yaddaşın bərpası, insan amilinin ön plana çəkilməsi, mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi kimi məsələlər ön planda durur. Bu məqalələrində müəllif cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda həyata keçirilən nəhəng quruculuq işlərini Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonrakı yeni inkişaf mərhələsinin mühüm göstəricisi kimi təqdim edir.

Rövşən Ağayevin yazılarının müəyyən qismində Qarabağın görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığına müraciət edilməsi də təsadüfi xarakter daşımır. Belə yanaşma Azərbaycanın əzəli tarixi ərazisi ilə milli-mədəni yaddaş arasındakı qırılmaz əlaqənin göstəricisi kimi dəyərlidir. Hələ 2024-cü ildə nəşr olunmuş “Faktlar, insanlar, hadisələr” məqalələr toplusunun biblioqrafik təsvirində də müəllifin bu istiqamətdə geniş publisistik ədəbi düşüncələrini görmək mümkündür.

Müəllifin son illərdəki publisistik və ictimai fəaliyyətinin ən mühüm istiqamətlərindən biri Qərbi Azərbaycan mövzusudur. Bu istiqamətdə onun yanaşmasının əsas xüsusiyyəti tarixi faktların ictimai yaddaşda qorunub saxlanması və təhsil və maarifləndirmə fəaliyyəti ilə əlaqələndirilməsidir. Onun bu mövzudakı yazı və çıxışlarında əsas diqqət tarixi torpaqlarından deportasiya olunmuş azərbaycanlıların tarixi-mədəni irsinin öyrənilməsinə, onların hüquqlarının beynəlxalq səviyyədə müdafiəsinə və Qərbi Azərbaycan həqiqətlərinin gənc nəslə çatdırılmasına yönəldilir. Hacıqabulda, Qubada, Xaçmazda, Biləsuvarda və başqa rayonlarda keçirilmiş görüşlərdə o, deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinin gücləndirilməsinin, tarixi irsin öyrənilməsinin və təbliğinin vacibliyini xüsusi vurğulamışdır.

Rövşən Ağayevin bu istiqamətdə fəaliyyətinin mühüm nəticələrindən biri də  pedaqoqlar, maraqlı şəxslər və geniş oxucu auditoriyası üçün nəzərdə tutulan “Mənim Qərbi Azərbaycanım – Xatirələr” kitabının hazırlanması, nəşri və təqdimatı ilə bağlı görülən işlərdir. Elm və Təhsil Nazirliyi və Qərbi Azərbaycan İcmasının birgə təşəbbüsü ilə hazırlanmış bu kitab Qərbi Azərbaycandan olan müəllimlərin və onların valideynlərinin xatirələri əsasında formalaşdırılmışdır. Kitabın ərsəyə gəlməsində həmin nəşrin tərtibçisi və layihənin rəhbəri kimi Rövşən Ağayevin hədsiz xidmətləri qeyd edilməlidir. Kitabın mühüm diqqətəlayiq məqamı ondan ibarətdir ki, burada tarixi yaddaşın qorunması yalnız keçmişin təsviri kimi deyil, həm də təhsil prosesinin tərkib hissəsi kimi təqdim edilir və bununla tarix, yaddaş, təhsil və milli-mənəvi tərbiyə arasında funksional əlaqə qurulur.

Təsadüfi deyildir ki, Qərbi Azərbaycan İcmasının strateji məqsədlərinin həyata keçirilməsi, Qərbi Azərbaycan həqiqətlərinin təbliği və “Mənim Qərbi Azərbaycanım” layihəsinin icrasındakı xidmətlərinə görə Rövşən Ağayev 2025-ci il sentyabrın 30-da İcma tərəfindən “Təşəkkürnamə” ilə təltif olunmuşdur.

Müəllifin yaradıcılıq fəaliyyətinin digər mühüm istiqaməti təhsil sisteminin qarşısında duran vəzifələrin ictimai-publisistik müstəvidə işıqlandırılmasıdır. Onun yazılarında təhsil yalnız bilikvermə mexanizmi kimi deyil, şəxsiyyətin və vətəndaşın formalaşmasını təmin edən sosial institut kimi təqdim olunur. Bu baxımdan müəllifin diqqət yetirdiyi məsələlər arasında gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərin qorunması, tarixi yaddaşın möhkəmləndirilməsi və təhsil müəssisələrinin ictimai proseslərdə rolunun artırılması xüsusi yer tutur. Ümumiyyətlə, onun son on ildə dərc edilmiş geniş yazılarında təhsil islahatları, təhsil sistemində baş verən müsbət dəyişikliklər və gənc nəslin Vətənə layiqli övladlar kimi yetişdirilməsi istiqamətində görülən işlər ardıcıl şəkildə işıqlandırılır və dəstəklənir.

Belə yanaşmanı onun praktiki iş fəaliyyətində də görmək mümkündür. Müxtəlif məktəblərdə keçirilən görüşlər zamanı şagirdlərdə ümumqəbul edilmiş davranış vərdişlərinin formalaşdırılması, fövqəladə hallara qarşı hazırlıq, mina təhlükəsi, yanğın, dəm qazı və digər risklər barədə biliklərin artırılması kimi məsələlər həmişə diqqət mərkəzində olmuş, bu istiqamətdə maarifləndirmə prosesinin fasiləsizliyinin vacibliyi vurğulanmışdır. Bu cür yanaşma müasir təhsil nəzəriyyəsində geniş yayılmış “Təhlükəsiz məktəb mühiti” konsepsiyası ilə sıx səsləşir.

Burada qeyd etmək yerinə düşər ki, qeyd olunanlarla yanaşı, R.Ağayev təhsil sistemi və bu sahədə həyata keçirilən genişmiqyaslı tədbirlərlə bağlı dörd metodik tövsiyənin həmmüəllifidir (onlardan biri ingilis dilinə tərcümə edilərək buraxılıb), bir sıra təlimati sənədlərin hazırlanmasında bilavasitə iştirak etmişdir. Onun təhsil sahəsindəki xidmətləri yüksək qiymətləndirilmiş və göstərdiyi səmərəli fəaliyyətə görə carı ilin sentyabrında Elm və Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı təltif olunmuşdur.

Ümumiyyətlə, Rövşən Ağayevin son illər yaradıcılığına və iştirak etdiyi görüş və tədbirlərdəki çıxışlarının məzmununa nəzər saldıqda bir sıra vacib və maraqlı komponentlərin qarşılıqlı əlaqəsini müşahidə edirik. Bunlardan ilk növbədə tarixi yaddaş komponentini qeyd edə bilərik. Xüsusilə Qərbi Azərbaycan mövzusunda yazılarında və çıxışlarında tarixi faktların öyrənilməsi, Qərbi Azərbaycan yaddaşının qorunması və gələcək nəsillərə ötürülməsi zəruri şərt kimi qoyulur. Digər diqqətəlayiq komponent milli-mənəvi tərbiyə məsələsidir. Bu istiqamətdə gənclərin peşəkar biliklərlə yanaşı, milli tarixə, dövlətçilik ənənələrinə və dəyərlərinə, eləcə də vətəndaşlıq anlayışına bağlı şəkildə yetişdirilməsi ideyası ön plana çıxarılır. Bunun davamı olaraq vətəndaş məsuliyyəti komponentini xüsusi qeyd etməliyik. Burada fövqəladə hallar və mina təhlükəsi ilə bağlı tədbirlərdə maarifləndirmə passiv informasiya ötürülməsi deyil, konkret davranış modelinin formalaşdırılma vasitəsi kimi çıxış edir, əsas diqqət biliklərin praktiki davranış vərdişlərinə çevrilməsinə yönəldilir.

R.Ağayevin idarəçilik və yaradıcılıq fəaliyyətində aydın nəzərə çarpan digər istiqamət kitab və mütaliə mədəniyyətinin formalaşdırılmasıdır. Bu mənada  iştirak etdiyi tədbirlərdə məktəb kitabxanalarına kitabların təqdim olunması, öz nəşrlərinin və müxtəlif elmi-ədəbi əsərlərin oxuculara çatdırılması onun maarifçilik fəaliyyətinin praktiki tərəfini təşkil edir. Bu xüsusiyyət onun yazıçı-publisist fəaliyyəti ilə dövlət idarəçiliyindəki fəaliyyətinin üzvi şəkildə birləşdiyini göstərir.

Yekun olaraq, Rövşən Ağayevin əsərlərinin konseptual xüsusiyyətlərinin təhlili göstərir ki, onun yaradıcılığı tarixi yaddaş, milli-mənəvi dəyərlər, təhsil, vətəndaşlıq tərbiyəsi, Qarabağ və Qərbi Azərbaycan mövzuları və dövlətçilik düşüncəsinin vahid çərçivədə birləşməsi ilə səciyyələnir. Müəllifin bütün yaradıcılığı boyu keçmişin öyrənilməsi ilə gələcəyin qurulması arasında məntiqi əlaqə nəzərə çarpır və bu xüsusiyyətlər əsas ideya xətti kimi çıxış edir.

Nəticə olaraq, Rövşən Ağayevin son illərdəki fəaliyyətini yalnız ayrı-ayrı məqalə və çıxışların məcmusu kimi deyil, müasir Azərbaycan cəmiyyətində milli yaddaşın, vətəndaşlıq şüurunun və maarifçilik ənənələrinin möhkəmləndirilməsinə yönəlmiş ardıcıl publisistik və ictimai fəaliyyət kimi qiymətləndirmək lazımdır. Ümidvarıq ki, Rövşən Ağayev bundan sonra da öz maraqlı və yüksək ideyalı əsərləri ilə oxucularını sevindirəcəkdir.

Natiq İsayev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü