13 oktyabr 2026 10:50
113

Təhsil tələbə kreditlərinə əlçatanlıq genişləndirilir - MÜSAHİBƏ

39 mindən çox tələbəyə göstərilən dəstək onların yalnız maliyyə yükünün azaldılması deyil, həm də gələcəyinə yatırılan investisiyadır

Ali təhsilin əlçatanlığının təmin olunması, tələbələrin maliyyə yükünün azaldılması və sosial vəziyyətindən asılı olmayaraq onların təhsil imkanlarının dəstəklənməsi dövlətin təhsil siyasətinin mühüm istiqamətlərindəndir. Bu baxımdan Təhsil Tələbə Krediti Fondu (TTKF) ödənişli əsaslarla təhsil alan tələbələrin təhsil haqlarının maliyyələşdirilməsinə dəstək göstərməklə onların təhsillərini davam etdirmələri üçün mühüm imkan yaradır. Fondun beşillik fəaliyyəti ərzində 39 mindən çox tələbənin bu mexanizmdən yararlanması təhsil tələbə kreditlərinin gənclərin gələcəyinə yönələn sosial dəstək vasitəsi kimi əhəmiyyətini göstərir.

Kredit imkanlarının genişləndirilməsi yalnız maliyyələşdirmə ilə məhdudlaşmır. Müraciətlərin təhlili, kredit almağa mane olan amillərin müəyyənləşdirilməsi, mövcud meyarların təkmilləşdirilməsi, elektron xidmətlərin inkişafı və ictimaiyyətin düzgün məlumatlandırılması bu sahədə görülən işlərin mühüm tərkib hissəsidir. Tələbələrin müəyyən edilmiş meyarlara uyğun gəlməməsi, akademik göstəricilərlə bağlı tələblərin ödənilməməsi, məlumatlarda uyğunsuzluq və ya natamamlıq müraciətlərin təsdiqlənməsinə mane ola bilər. Belə halların mütəmadi təhlili isə kredit mexanizminin daha əlçatan və səmərəli təşkilinə imkan yaradır.

Təhsil tələbə kreditlərinin şərtləri, müraciətlərin qiymətləndirilməsi, imtina səbəblərinin aradan qaldırılması istiqamətində aparılan təhlillər, eləcə də son dövrdə tətbiq edilən yeniliklər barədə Təhsil Tələbə Krediti Fondunun İctimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Gülnar Zeynalova ilə həmsöhbət olduq.

-TTKF-nin apardığı təhlillərə əsasən, təhsil tələbə kreditindən yararlana bilməyən tələbələrin əsas səbəbləri hansılardır və bu maneələrin aradan qaldırılması üçün hansı təkliflər hazırlanır?

-Təhsil Tələbə Krediti Fondu beş ildir ki, əyani və ödənişli əsaslarla təhsil alan tələbələrin təhsil haqqı xərclərinin maliyyələşdirilməsi istiqamətində fəaliyyət göstərir. Bu müddətdə 39 mindən çox tələbəyə göstərilən dəstək onların yalnız maliyyə yükünün azaldılması deyil, həm də gələcəyinə yatırılan investisiyadır.

Bəzən tələbələrin müəyyən olunmuş kredit meyarlara cavab verməməsi, akademik göstəricilərinin minimum tələblərə uyğun olmaması, qiyabi təhsil formasında təhsil alması, təqdim edilən məlumatlarda uyğunsuzluq və ya natamamlığın olması kreditə müraciətdə imtina səbəbi ola bilər. Bəzi hallarda isə tələbələr öz istəkləri ilə təhsil tələbə kreditinə müraciətdən imtina edirlər.

Təhsil tələbə krediti hər semestr üzrə ayrıldığından, mövcud uyğunsuzluğu aradan qaldıran tələbə növbəti semestrdə yenidən müraciət edə bilər. Aparılan təhlillər əsasında kreditlərə çıxış imkanlarının genişləndirilməsi Fondun əsas fəaliyyətini təşkil edir.

-Kredit verilməsi meyarlarının mövcud sosial-iqtisadi şəraitə uyğunlaşdırılması məqsədilə Fond tərəfindən hansı dəyişikliklər üzərində iş aparılır?

-Sosial təhsil tələbə krediti üzrə illik faiz dərəcəsi 2 faiz, standart təhsil tələbə krediti üzrə isə 6 faizdir. Bu rəqəmlər kommersiya banklarının təklif etdiyi kredit faiz dərəcələri ilə müqayisədə çox aşağıdır və imtiyazlıdır. Tələbələr normativ təhsil müddətində götürdükləri kreditin ödənişini etmirlər. Akademik göstəricilərindən asılı olaraq həmin dövr üçün hesablanan faizlərdən, yüksək akademik nəticə göstərdikdə isə əsas borcun sosial növ kredit üzrə 50, standart növ kredit üzrə isə 25 faizindən azad oluna bilərlər.

-TTKF müraciətçilərin imtina səbəblərini mütəmadi təhlil edirmi və həmin nəticələr kredit qaydalarının təkmilləşdirilməsinə necə təsir göstərir?

-Fond hər semestr kredit müraciətlərini, eləcə də təsdiqlənməyən müraciətlərin səbəblərini təhlil edir. Beş illik fəaliyyət dövründə aparılan monitorinqlər əsasında qanunvericilikdə dəyişikliklər edilib, kreditdən yararlanma imkanları mərhələli şəkildə genişləndirilib və müraciət prosesi təkmilləşdirilib. Misal olaraq, 2021-ci ildə qəbul edilmiş qərara əsasən, bakalavriat səviyyəsinin birinci kursunun ilk semestrində standart növ təhsil tələbə kreditinə müraciət edən tələbələr üçün minimum qəbul balı 300 müəyyən olunmuşdur. Sonradan kreditin əlçatanlığının artırılması və daha çox tələbənin bu imkandan yararlanması məqsədilə Himayəçilik Şurasının qərarı ilə həmin göstərici 250 bala endirilmişdir.

 -Təhsil tələbə kreditlərinin daha çox tələbəni əhatə etməsi üçün Fondun müvafiq dövlət qurumlarına təqdim etdiyi əsas təşəbbüs və təkliflər hansılardır?

-Fond kreditlərə çıxış imkanlarının genişləndirilməsi ilə yanaşı, tələbələrin bu mexanizm barədə daha ətraflı məlumatlandırılmasına xüsusi diqqət yetirir. Bu məqsədlə tələbəyönümlü tədbirlər, maarifləndirici görüşlər və dövlət, eləcə də özəl qurumlarla əməkdaşlıq layihələri həyata keçirilir.

İndiyədək 38 dövlət və özəl qurumla imzalanmış Anlaşma memorandumları çərçivəsində tələbə və məzunlar təlim, təcrübə, könüllülük və məşğulluq proqramlarına cəlb olunublar. Belə təşəbbüslər tələbələrə həm təhsil müddətində, həm də sonrakı peşəkar inkişaf mərhələsində dəstək göstərilməsinə xidmət edir.

-Kreditlərin verilməsi, imtina səbəbləri və geriödənilməsi ilə bağlı statistik məlumatların daha geniş ictimaiyyətə təqdim edilməsi planlaşdırılırmı?

-Şəffaflıq və ictimaiyyətin məlumatlandırılması Fondun fəaliyyətinin əsas prinsiplərindəndir. Kredit müraciətləri, rəsmiləşdirilmiş müqavilələr, maliyyələşdirmə və digər fəaliyyət göstəriciləri rüblük, yarımillik və illik əsasda Fondun rəsmi internet səhifəsi, sosial media hesabları, hesabatlar və media vasitəsilə mütəmadi olaraq ictimaiyyətə təqdim olunur.

-Aparılan monitorinq və təhlillər nəticəsində son dövrdə hansı təkmilləşdirmələr həyata keçirilib?

-Fond fəaliyyətə başladığı gündən təhsil tələbə kreditlərinə müraciət və rəsmiləşdirmə proseslərini tam elektron formada həyata keçirir. Aparılan monitorinq və təhlillər əsasında dövlət informasiya sistemləri ilə inteqrasiya genişləndirilib, tələbələrin məsafədən müraciət imkanları daha da təkmilləşdirilib.

2026-2027-ci tədris ilindən etibarən razılıq ərizəsinin mygov vasitəsilə əldə edilməsi və kredit müqavilələrinin SİMA İmza ilə rəsmiləşdirilməsi təmin olunub.

Yaqut Ağaşahqızı, “İki sahil”