10 oktyabr 2026 19:43
166

“GastroFest 2026” festivalı yekunlaşıb

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərəfdaşlığı ilə Qoşa Qala meydanında keçirilən “GastroFest 2026” festivalı yekunlaşıb.

Qastronomiya, musiqi, incəsənət və əyləncəni vahid konsepsiyada birləşdirən festival İçərişəhərin tarixi-mədəni mühitinə tamamilə fərqli çalarlar gətirib. Festival çərçivəsində ziyarətçilər yeni dadlar kəşf edib, yaradıcılıq layihələrinə qoşulub, canlı musiqi proqramlarından zövq alaraq İçərişəhərin bənzərsiz atmosferində unudulmaz anlar yaşayıblar. Tədbirin ən çox maraq doğuran guşələrindən olan kulinariya zonası tanınmış aşpazların xüsusi təqdimatları, zəngin mətbəx nümunələri və küçə yeməkləri ilə yadda qalıb.

Festivalda Özbək mətbəxini təmsil edən stendin nümayəndəsi Ayşən Eminova öz təəssüratlarını agentliyin müxbiri ilə bölüşüb. O, bu cür festivalların təşkil olunmasını yüksək qiymətləndirərək qeyd edib ki, hazırladıqları özbək plovu və samsa xüsusi sevilib.

Yerli və xarici DJ-lərin çıxışları, canlı musiqi və səhnə performansları İçərişəhərin özünəməxsus ab-havasına müasir ritmlər qatıb. İncəsənət və əl işləri zonalarında isə ziyarətçilər sənətkarların yaradıcılığı ilə tanış olub, müxtəlif layihələri kəşf ediblər.

Çinli turist Sujun Zhöu Bakıya ikinci dəfə səfər etdiyini və şəhəri çox bəyəndiyini deyib. O, ötənilki səfəri ilə müqayisədə bu dəfə festivalda səslənən musiqinin də diqqətini çəkdiyini, tədbirin ab-havasını və təqdim olunan yeməkləri bəyəndiyini qeyd edib.

Bütün yaş qruplarının zövqü nəzərə alınaraq hazırlanan proqram tədbirin interaktiv ruhunu daha da gücləndirib. Uşaqlar üçün nəzərdə tutulan ustad dərsləri və əyləncəli məşğələlər balaca iştirakçılara öyrənərək əylənmək fürsəti verib, böyüklər isə yaradıcı emalatxanalarda və maraqlı təqdimatlarda fəal iştirak ediblər.

AZƏRTAC