10 oktyabr 2026 14:03
202

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Meksikada Azərbaycanın zəngin təbiətini, milli-mədəni irsini və təsviri incəsənət ənənələrini beynəlxalq auditoriyaya təqdim edən “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb.

“İki sahil” xəbər verir ki, Meksikanın Deputatlar Palatasında keçirilən tədbir Azərbaycan ilə Meksika arasında mədəni əlaqələrin möhkəmləndirilməsi, ölkəmizin beynəlxalq miqyasda tanıdılması və xalqlar arasında qarşılıqlı anlaşmanın inkişafı baxımından əhəmiyyətli hadisə olub.

Sərgi Azərbaycanın Meksikadakı səfirliyinin, Meksika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun və Meksika Deputatlar Palatasının Mədəniyyət və Kinematoqrafiya Komissiyasının birgə təşkilatçılığı ilə keçirilib.

Sərgidə Azərbaycan Rəssamlar İttifaqının və UNESCO Beynəlxalq İncəsənət Assosiasiyasının üzvü, rəssam Mehriban Alışovanın əsərlərindən ibarət kolleksiyada Azərbaycanın təbiət gözəllikləri, zəngin flora və faunası, rəngarəng təbii landşaftları sənət dili ilə nümayiş olunub. Rəssamın əsərləri vasitəsilə Meksika ictimaiyyəti Azərbaycanın təbii sərvətləri və bədii yaradıcılıq ənənələri ilə tanış olmaq imkanı əldə edib.

Açılış mərasimində çıxış edən Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyev mədəniyyətin xalqları bir-birinə yaxınlaşdıran, qarşılıqlı hörmət və anlaşmanı gücləndirən mühüm vasitələrdən biri olduğunu vurğulayıb. O bildirib ki, bu cür tədbirlər Azərbaycan və Meksika arasında mövcud dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, iki ölkənin xalqlarının bir-birinin mədəniyyəti və incəsənəti ilə yaxından tanış olmasına töhfə verir.

Səfir Azərbaycan ilə Meksika arasında təsviri incəsənət sahəsində əlaqələrin tarixinə də toxunub. Bu kontekstdə Azərbaycanın xalq rəssamı Elbəy Rzaquliyevin Meksikanın dünyaşöhrətli rəssamı David Alfaro Sikeyros ilə dostluq münasibətlərini xatırladıb. Meksika rəssamlıq ənənələrinin Elbəy Rzaquliyevin yaradıcılığına təsiri, eləcə də Azərbaycanda Frida Kalo və Dieqo Rivera kimi tanınmış meksikalı rəssamların sənətinə göstərilən maraq iki xalq arasında mədəni əlaqələrin qarşılıqlı xarakterini nümayiş etdirən nümunələr kimi qeyd olunub.

Bu tarixi və mədəni əlaqələr Azərbaycan-Meksika münasibətlərinin yalnız diplomatik və siyasi müstəvidə deyil, həm də incəsənət, yaradıcılıq və humanitar əməkdaşlıq sahələrində inkişaf etdiyini göstərir. Səfirliklə Parlamentlərarası Dostluq Qrupu arasında mədəni tədbirlərin təşkili istiqamətində əməkdaşlıq da bu əlaqələrin genişləndirilməsinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirilib.

Meksika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, deputat Dulse Mariya Korina Viyyeqas çıxış edərək, Azərbaycanla Dostluq Qrupunun Deputatlar Palatasında ən fəal qruplardan biri kimi tanındığını xüsusi vurğulayıb. O, mədəniyyətin xalqların tarixi irsini, ənənələrini və dəyərlərini qarşılıqlı şəkildə tanımağa imkan yaratdığını bildirib. Deputat bu sahədə təşkil olunan tədbirlərin Azərbaycan və Meksika arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi üçün əhəmiyyətini qeyd edib.

Sərginin kuratoru, meksikalı rəssam Karol Qoddard Mehriban Alışovanın yaradıcılığını yüksək qiymətləndirib. O, rəssamın əsərlərində istifadə olunan rəng çalarlarının onun daxili dünyasının zənginliyini və bədii ifadə imkanlarını əks etdirdiyini bildirib.

Rəssam M.Alışova Meksikada Azərbaycan mədəniyyətini təmsil etməkdən qürur duyduğunu bildirib. O vurğulayıb ki, bu sərgi yalnız sənət əsərlərinin nümayişi ilə məhdudlaşmır, həm də Azərbaycan və Meksika xalqlarını birləşdirən, onların mədəniyyətləri arasında qarşılıqlı anlaşmanı gücləndirən bir körpü rolunu oynayır.

Azərbaycanın təbiətinin və milli-mədəni zənginliyinin xarici ölkələrdə incəsənət vasitəsilə təqdim olunması ölkəmizin beynəlxalq mədəni əlaqələrinin genişləndirilməsinə xidmət edir. Belə tədbirlər Azərbaycanın milli irsinin tanıdılması ilə yanaşı, onun müasir mədəni həyatının və yaradıcı potensialının beynəlxalq auditoriyaya çatdırılmasına da imkan yaradır.

Tədbirdə Meksika Deputatlar Palatasının üzvləri, Meksikada akkreditə olunmuş səfirlər və diplomatik korpusun nümayəndələri, eləcə də yerli media təmsilçiləri iştirak ediblər. Tədbir çərçivəsində ölkəmizin yalnız təsviri incəsənəti deyil, həm də zəngin kulinariya mədəniyyəti nümayiş etdirilib.

“Azərbaycan: təbiətin palitrası” sərgisi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və yerli mətbuatda işıqlandırılıb. Sərgi Azərbaycanın təbii gözəlliklərini, rəssamlıq ənənələrini və milli-mədəni dəyərlərini Meksika ictimaiyyətinə təqdim etməklə iki ölkə arasında mədəni əməkdaşlığın inkişafına növbəti töhfə verib.