09 oktyabr 2026 23:10
108

BƏƏ prokurorluğu: “Flydubai” pilotu İsraildə terror aktı planlaşdırıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) baş prokuroru Oman vətəndaşı olan ikinci pilotun İsrailin Ben-Qurion hava limanında terror aktı törətməyi planlaşdırdığını bildirib.

“İki sahil” WAM-a istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin baş prokuroru Həməd Seyf əş-Şəmsi məlumat verib.

BƏƏ-nin dövlət informasiya agentliyi baş prokurorun bəyanatından sitat gətirib:

"İstintaq zamanı müəyyən edilib ki, Oman vətəndaşı olan ikinci pilot əvvəlcədən planlaşdırılmış terror aktını törətməyə cəhd edib. O, təyyarəyə nəzarəti ələ keçirməyi və onu Tel-Əvivdəki Ben-Qurion hava limanının sərnişin terminalına kamikadze hücumu həyata keçirmək üçün istifadə etməyi planlaşdırıb. Məqsədi mümkün qədər çox insanın ölümünə səbəb olmaq olub".

Məlumata görə, "Flydubai" aviaşirkətinin ikinci pilotu 2001-ci il sentyabrın 11-də ABŞ-də törədilmiş terror hücumlarının ssenarisini təkrarlamağı planlaşdırıb.

BƏƏ-nin baş prokuroru vurğulayıb ki, ekstremist materialların təsiri pilotda zorakılığı və terrorizmi təşviq edən fikirlərin formalaşmasına səbəb olub. O, həmçinin 2001-ci il sentyabrın 11-də baş vermiş hücumlardan ilham alıb. Əş-Şəmsinin sözlərinə görə, pilot təyyarədən istifadə etməklə oxşar hücum həyata keçirmək qərarına gəlib və pilot olmağa da məhz bu məqsədlə qərar verdiyini etiraf edib.

İstintaqın məlumatına əsasən, 29 yaşlı Oman vətəndaşı 2017-ci ildə Avstraliyada təhsil aldığı müddətdə radikal fikirlərə meyil göstərməyə başlayıb. O, məqsədli şəkildə aviasiya sahəsində işə düzəlib və marşrutu öyrənmək üçün Tel-Əvivə iki uçuş həyata keçirib.

Daha sonra, sentyabrın 30-da planını həyata keçirməyə cəhd edib. Təyyarənin ekipaj üzvləri və sərnişinlər hücum edən şəxsi zərərsizləşdiriblər. Bundan sonra təyyarə Səudiyyə Ərəbistanında təcili eniş edib.

Baş prokurorun sözlərinə görə, pilot törətdiyi əməlləri etiraf edib və cinayətdə ona kömək edən şəxslərin olmadığını bildirib.

"İttiham olunan şəxs vəkilinin iştirakı ilə motivləri, planlaşdırma və icra mərhələləri barədə ətraflı etiraf ifadəsi verib, başqa şəxslərin iştirakı olmadan təkbaşına hərəkət etdiyini qəbul edib", - deyə əş-Şəmsi bildirib.

O əlavə edib ki, istintaq pilotun əlbir olduğu şəxslərin olub-olmadığını qəti şəkildə müəyyənləşdirmək üçün bu məlumatları yoxlamağa davam edir.