09 oktyabr 2026 17:10
105

“Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda konfrans işini panel sessiyalarla davam etdirir

 

Bakıda “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda keçirilən konfrans çərçivəsində “Ailə, təhsil və cəmiyyət: gənclərin formalaşmasında dövlət siyasəti və ictimai məsuliyyət” mövzusunda panel müzakirəsi keçirilib. Panelə Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İndira Hacıyeva moderatorluq edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin möhkəm təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyi diqqətə çatdırıb. Komitə rəsmisi ailə, məktəb və cəmiyyətin bir-biri ilə sıx bağlı olduğunu, bu istiqamətlərdən birində yaranan boşluqların digər sahələrə də təsir göstərdiyini bildirib. O qeyd edib ki, müasir dövrdə ailə öz potensialını reallaşdıran və cəmiyyətin inkişafına töhfə verən mühüm sosial institut kimi nəzərdən keçirilməlidir. Aynur Sofiyeva texnoloji inkişafın, sosial şəbəkələrin və süni intellektin uşaqların formalaşmasındakı təsirinə diqqət çəkərək valideynlərin vəzifəsinin uşaqları bu dəyişikliklərə hazırlamaq, onlarda təhlil və düzgün seçim bacarıqlarını inkişaf etdirmək olduğunu vurğulayıb. Sədr müavini milli-mənəvi dəyərlərin təbliğində yalnız maarifləndirmə tədbirlərinin kifayət etmədiyini, bu dəyərlərin ilk növbədə ailədə yaşadılmasının və uşaqlara gündəlik münasibətlər vasitəsilə aşılanmasının vacibliyini də qeyd edib.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov “Din təhsili və ailə dəyərləri” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda müasir dövrdə ənənəvi ailə modelində baş verən dəyişikliklər, ailə dəyərlərinə təsir göstərən amillər və din təhsilinin bu sahədə rolundan bəhs olunub. Bildirilib ki, din təhsilinin mühüm vəzifələrindən biri fərdlərdə əxlaqi dəyərlərin formalaşdırılması, onların ictimai-mədəni deformasiyalardan qorunması və ailə dəyərlərinin möhkəmləndirilməsinə töhfə verməkdir. Aqil Şirinov ailənin sevgi, mərhəmət üzərində qurulan mənəvi birlik olduğunu vurğulayıb. O, ailənin bütövlüyünün qorunması üçün kənardan gələn informasiya və təsirlərə tənqidi yanaşmanın, ailə daxilində açıq dialoqun, eləcə də milli dəyərlərlə qlobal yeniliklər arasında düzgün balansın zəruri olduğunu qeyd edib. 

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev “Rəqəmsal platformaların gənclərə təsirləri” mövzusundakı təqdimatında sosial şəbəkələrin gənclər üçün yeni imkanlar yaratdığını deyib. O, gənclərin mənəvi dünyagörüşünə və informasiya təhlükəsizliyinə təsir edən risklər barədə danışıb. Sosial mediada nifrət nitqi və qeyri-etik məzmunun yaratdığı təhlükələr vurğulanıb. Elnur Mustafayev gənclərin rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunmasında ailə və təhsil müəssisələrinin rolunu xüsusi qeyd edərək, media savadlılığının, tənqidi düşüncənin və milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsinin vacibliyini bildirib. 

Paneldə gənclərin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi, onların cəmiyyətə faydalı vətəndaş kimi formalaşmasında müxtəlif institutların, habelə din xadimlərinin üzərinə düşən vəzifələr barədə fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib.