Oktyabrın 7-də gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Azərbaycan İdman Akademiyasında keçirilən görüşdə "İdman ustası" dərəcəsinə layiq görülmüş şəxslərə müvafiq vəsiqə və döş nişanları təqdim edilib.
Fərid Qayıbov beynəlxalq arenalarda qazanılan uğurları yüksək qiymətləndirib, idmançıları və onların məşqçilərini təbrik edib. Bildirib ki, sentyabr ayı ərzində beynəlxalq yarışlarda Azərbaycanın Dövlət Himni 16 ölkədə səsləndirilib. İdmançılar ümumilikdə 72 qızıl, 48 gümüş və 71 bürünc medal qazanıblar.
Tədbirdə beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub. Görüş zamanı bir sıra idman növlərinin nümayəndələri iştirak etdikləri beynəlxalq yarışlar və əldə etdikləri nəticələr barədə məlumat veriblər. Fərid Qayıbov idmançılara qarşıdakı yarışlarda daha böyük uğurlar və qələbələr arzulayıb.