Oktyabrın 7-də Bakı şəhərində Azərbaycanın Xarici İşlər Nazirliyi və Özbəkistanın Xarici İşlər Nazirliyi arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.
“İki sahil” xəbər verir ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə XİN-in Konsulluq idarəsinin rəisi Emil Səfərov, Özbəkistan nümayəndə heyətinə isə Konsulluq və hüquq idarəsinin rəis müavini Abduvaxit Tursunov rəhbərlik edib. Görüşdə, həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Dövlət Miqrasiya Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, o cümlədən Özbəkistan Respublikasının ölkəmizdəki səfirliyinin nümayəndələri iştirak ediblər. Konsulluq məsləhətləşmələri zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Tərəflər arasında ədliyyə, təhsil, sərhəd, miqrasiya və digər vacib sahələr üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib, o cümlədən vətəndaşların hüquq və müdafiəsinin təmin edilməsi üçün qarşılıqlı müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Danışıqların sonunda iki ölkənin nümayəndə heyətlərinin rəhbərləri tərəfindən görüşün protokolu imzalanıb.
Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP VIII qurultayının çağırışları müzakirə olundu
Azərbaycan “Der Spiegel” nəşrinin yazdıqları ilə bağlı Almaniyaya etiraz bildirib