04 oktyabr 2026 11:59
123

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Cəbrayıl rayonuna köçürülmüş sakinlərin məşğulluğunun təminatı istiqamətində tədbirlərini davam etdirir.

“İki sahil” xəbər verir ki, Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, həmin sakinlərdən artıq 1020-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub. Onlardan 910 nəfərin rayon ərazisində məşğulluğu təmin edilib, (o cümlədən, 50-dək şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları qurulub).

112 şəxs üçün isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kursları təşkil olunub və kursları bitirdikdən sonra işlə təmin ediliblər.

Cəbrayıl rayonuna köçürülmüş sakinlərdən daha bir qrup sakinin məşğulluğunun təminatı üçün işlər aparılır.