Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Aİ-yə Üzv Dövlətlərin Səfirlikləri ilə birgə ənənəvi “Avropa Təamları” Kulinariya Festivalının 4-cü buraxılışını keçirir.
“İki sahil” xəbər verir ki, festivalda Avstriya, Belçika, Xorvatiya, Fransa, Almaniya, Polşa, Portuqaliya, Slovakiya və İspaniyanın Azərbaycandakı səfirlikləri öz ölkələrinin milli mətbəx nümunələrini iştirakçılara təqdim ediblər. Aİ Nümayəndəliyinin stendində tanınmış qida bloqerləri Elmira Qədirova və Nəzakət Cəfərovanın iştirakı ilə kulinariya ustad dərsləri keçirilib. Aİ layihəsindən faydalanmış yerli fermerlər də festivalda iştirak edərək üzvi qida məhsullarını nümayiş etdirib və satışa çıxarıblar.
Festivalın açılış mərasimində çıxış edən Aİ-nin Azərbaycandakı səfiri Mariana Kuyundjiç Bakıda “Avropa Təamları” Kulinariya Festivalının 4-cü buraxılışını təşkil etməkdən böyük məmnunluq duyduqlarını bildirib: “Azərbaycanlı dostlarımızı Avropa ləzzətlərindən və mədəniyyətindən birlikdə zövq almağa dəvət edirik! Bu tədbir Avropa ölkələrinin milli mətbəxləri, mədəniyyətləri və ənənələri ilə tanış olmaq, yeni dadları kəşf etmək, ailə və dostlarla unudulmaz gün keçirmək üçün gözəl fürsətdir. Xüsusilə bu tədbirin Aİ ilə Azərbaycan arasında tərəfdaşlığın 30 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində keçirildiyini qeyd etməkdən qürur duyuram”
Tədbirdə təşkil olunan viktorinaların qalibləri “Taste of Europe” kitabı da daxil olmaqla müxtəlif hədiyyələr qazanıblar. Aİ Nümayəndəliyi tərəfindən nəşr olunan kitabda Aİ-yə üzv 27 dövlətin ənənəvi reseptləri Azərbaycan dilinə tərcümə olunaraq təqdim edilir.
Festival zamanı yerli musiqiçilərin iştirakı ilə konsert proqramı da təşkil olunub.
“Cənnətin iqamətgahı” sənədli-musiqili-etnoqrafik filminin yerli premyerası keçirilib
Gəncədə III Beynəlxalq Opera Festivalı çərçivəsində Xalq artisti Fidan Hacıyevanın konsert proqramı təşkil olunub