Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İspaniyanın Barselona şəhərində keçirilən Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin (ENOC) 30-cu illik konfransı və Baş Assambleyasında iştirak edib.
“İki sahil” xəbər verir ki, tədbirdə ENOC-a üzv 32 ölkənin ombudsmanları və uşaq hüquqları üzrə müvafiq qurumların rəhbərləri, ekspertlər və uşaqlar iştirak ediblər. Konfransda çıxış edən Ombudsman Azərbaycanda uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən fəaliyyət, o cümlədən energetik içkilərin uşaqlar tərəfindən istifadəsi ilə bağlı aparılmış təhlil və hazırlanmış təkliflər, uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması ilə bağlı təşəbbüslər barədə məlumat verib. Səbinə Əliyeva, həmçinin “Uşaq Hüquqları Aylığı” çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərindən, uşaqların rəqəmsal təhlükəsizliyinə dair videoçarx və uşaq hüquqları və Ombudsmanın rolu barədə hazırlanmış vəsaitdən bəhs edib. Ombudsmanın təkliflərinin uşaq hüquqları ilə bağlı qanunvericilik aktlarında nəzərə alındığı diqqətə çatdırılıb.
Tədbirdə ENOC-a üzv təsisatların fəaliyyəti, Şəbəkənin gələcək fəaliyyət istiqamətləri və uşaq hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Səfər çərçivəsində Ombudsman Aparatının əməkdaşları Barselonada zorakılıq qurbanı olan uşaqlar üçün fəaliyyət göstərən “Barnahus” mərkəzini ziyarət edərək, onun fəaliyyəti ilə tanış olublar.