02 oktyabr 2026 10:50
124

Prezidentin köməkçisi: Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir

Azərbaycan Yaxın Şərqdə baş verən regional proseslərdən narahatdır və biz özümüzü ətraf regionda uzunmüddətli qeyri-sabitliyə hazırlayırıq.

“İki sahil” xəbər verir ki, bu sözləri CAMCA Regional Forumunda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O vurğulayıb ki, hazırda Ermənistan cəmiyyətində də görülən müəyyən tendensiyalar narahatedicidir. Revanşist qüvvələr hələ də cəmiyyətdə kifayət qədər güclüdür. Daha bir narahatedici məqam isə revanşizmin Ermənistan gəncləri arasında da mövcud olmasıdır. Təəssüf ki, onlar hələ də prosesə revanşizm düşüncəsi ilə yanaşırlar. Bu səbəbdən Ermənistan Hökuməti öz xalqını sülhə hazırlamaq üçün çox ciddi çalışmalıdır.

“Azərbaycan tərəfi olaraq bizim strateji qətiyyətimiz var. Məqsədimiz sülh gündəliyini həyata keçirmək, onu ərazidə möhkəmləndirmək və sülh konsepsiyasına əsaslanan regional arxitektura qurmaqdır. Bu, Azərbaycan və Ermənistan xalqları üçün uzunmüddətli sülh və sabitliyi təmin edə bilər”,-deyə Prezidentinin köməkçisi bildirib.