Bakı şəhərində ənənəvi olaraq təşkil edilən “ADEX” və “Securex Caspian” sərgiləri artıq regionun ən mötəbər və faydalı müdafiə sənayesi platformalarından birinə çevrilib. Bu sərgilərə marağın ildən-ilə artması, bir çox ölkənin və aparıcı şirkətin sərgidə təmsil olunması da bunu bir daha sübut edir. “ADEX” və “Securex Caspian” sərgilərində bu il ümumilikdə 53 ölkə təmsil olunur. 30 ölkədən 280 şirkət və təşkilat sərgilərdə iştirak edir. Sərgilərdə stendlə təmsil olunan ölkələr arasında Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Cənubi Koreya, Çexiya, Çin, Fransa, İspaniya, İtaliya, Litva, Macarıstan, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Serbiya, Sinqapur, Slovakiya, Türkiyə, Ukrayna və digərləri yer alır. Bu coğrafiyanın genişliyi sərgilərin beynəlxalq səviyyədə artan nüfuzunun göstəricilərindən biridir.
Şübhəsiz, müdafiə sənayesinin inkişafına töhfə verən bu cür sərgilər həm də yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə xidmət edir. Bu mənada sərginin iştirakçı ölkələr üçün hərbi-texniki əməkdaşlıqda yeni perspektivlər açacağı, dostluq münasibətlərini möhkəmləndirəcəyi və innovativ texnoloji bazanın təkmilləşdirilməsinə şərait yaradacağı şəksizdir.
Yeri gəlmişkən qeyd edək ki, müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına müraciətində qeyd edildiyi kimi, Azərbaycanın müdafiə sənayesi sahəsində əldə etdiyi nailiyyətlər ölkəmizin hərbi-texniki potensialının güclənməsinə, dost və tərəfdaş dövlətlərlə əməkdaşlığın dərinləşməsinə xidmət edir. Artıq bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində böyük inkişaf yolu keçən ölkəmizin müdafiə sənayemiz bu gün keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və istehsal imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Bu da dövrün çağırışlarının və əldə edilən döyüş təcrübələrinin sabitliyin qorunması üçün qabaqcıl texnologiyalar əsasında istehsal edilən hərbi texnika və avadanlıqlara sahib olmaqdan irəli gəlir. Bu baxımdan, Azərbaycan ordunun əməliyyat imkanlarının genişləndirilməsinə, maddi-texniki bazasının yenilənməsinə və ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət verir. Unutmayaq ki, bu və ya digər ölkənin müdafiə imkanlarının, eyni zamanda, güclü ordusunun olması onun suverenliyinin və müstəqilliyinin əsas qarantıdır.
Bu gün artıq müəssisələrimizdə dünya bazarında rəqabətədavamlı, mindən artıq çeşiddə müdafiə təyinatlı məhsul – silahlar, sursatlar, insansız sistemlər istehsal olunur. Eyni zamanda, zirehli texnika və aviasiya vasitələrinin əsaslı təmiri, modernləşdirilməsi uğurla yerinə yetirilir. Həmin məhsullar xarici bazarlara da çıxarılır. Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Yeri gəlmişkən qeyd edək ki, milli hərbi sənayemizin istehsal etdiyi məhsullar 2020-ci ilin Vətən müharibəsində, eləcə də digər hərbi əməliyyatlarda özünü yüksək səviyyədə doğruldub. Bu mənada demək olar ki, Vətən müharibəsində və sonrakı əməliyyatlarda qazanılan qələbələr bu kimi addımların bəhrəsidir.
Şübhəsiz, bu prosesdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xidmətləri danılmazdır. Məhz dövlətimizin başçısının həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində ölkə həyatının bütün istiqamətlərində, o cümlədən müdafiə sənayesi sahəsində son illərdə mühüm nailiyyətlər əldə olunub.
Qvami Məhəbbətoğlu, “İki sahil”
“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar - VİDEO
Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində kiberəməliyyat fəaliyyətləri yerinə yetirilib
Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanışlıq olub
Azərbaycan Ordusunda 27 Sentyabr - Anım Günü münasibətilə silsilə tədbirlər keçirilib