29 sentyabr 2026 22:46
168

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nizami Kino Mərkəzində Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin ərsəyə gətirdiyi “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı keçirilib.

“İki sahil” xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə qrant müsabiqəsi çərçivəsində dəstəklənən layihə Azərbaycanın Qarabağ bölgəsində aparılan bərpa-quruculuq işlərinə Türk dövlətlərinin verdiyi dəstəyə, ortaq tarixi-mədəni bağlara, qardaşlıq və həmrəylik münasibətlərinə həsr olunub.

Təqdimat Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun qurucusu və ilk sədri, Milli Məclisin Mədəniyyət komitəsinin keçmiş sədri Qənirə Paşayevanın vəfatının üçüncü ildönümünə təsadüf edib. Tədbirdə Qənirə Paşayevanın Türk dünyasının yaxınlaşması və ortaq mədəni yaddaşın qorunması istiqamətində fəaliyyəti ehtiramla yad olunub.

Mərasim şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Təqdimatda Milli Məclisin üzvləri, dövlət və ictimaiyyət nümayəndələri, Türk dövlətlərinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin təmsilçiləri, mədəniyyət və media ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxışlarda Azərbaycanla Türk dövlətləri arasında tarixi-mədəni əlaqələr, qarşılıqlı həmrəylik və Qarabağda həyata keçirilən bərpa-quruculuq prosesinə göstərilən qardaşlıq dəstəyi barədə fikirlər səsləndirilib.

Daha sonra “Türkün gücü tükənməz” sənədli filmi nümayiş etdirilib. Filmdə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri, yeni infrastruktur layihələri, bölgənin yenidən qurulması, eləcə də Türk dövlətlərinin Azərbaycana göstərdiyi qardaşlıq və həmrəylik öz əksini tapıb.