27 sentyabr 2026 21:54
139

Osloda Anım Günü

Osloda fəaliyyət göstərən Nizami Gəncəvi adına Həftəsonu Azərbaycan dili məktəbində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, Oslo Azərbaycan Evində təşkil olunan tədbirdə şagirdlər 44 günlük Vətən müharibəsində və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər. Tədbir çərçivəsində şagirdlər 27 Sentyabr – Anım Gününə və 44 günlük Vətən müharibəsinə həsr olunmuş şeirlər səsləndirib, mahnılar ifa ediblər. Şagirdlərə Anım Gününün tarixi, 44 günlük Vətən müharibəsinin gedişi və Azərbaycan xalqının yaddaşında bu hadisələrin əhəmiyyəti barədə məlumat verilib.

Tədbirin diqqətçəkən hissələrindən biri şagirdlərin hazırladığı yaradıcılıq işləri olub. Onlar qərənfilləri rəngləyərək şəhidlərimizin xatirəsinə həsr olunmuş xüsusi guşə yaradıblar. Azərbaycan və Norveç bayraqları, milli atributlar və qərənfillərdən ibarət kompozisiya tədbirə xüsusi məna qatıb.

Tədbirin əsas məqsədi şəhidlərimizin əziz xatirəsini yad etmək, şagirdlərə 44 günlük Vətən müharibəsi haqqında dolğun məlumat vermək, onlarda Vətən sevgisini, milli-mənəvi dəyərlərə və tarixi yaddaşa hörmət hissini gücləndirmək olub.

Şagirdlərin hazırladığı şeirlər, mahnılar və yaradıcılıq işləri hər kəsi duyğulandırıb.