27 sentyabr 2026 19:18
143

“Qanadı sınmış mələklər” filminin nümayişi təşkil edilib

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, AQTA-dan bildirilib ki, tədbirdə Agentliyin rəhbər heyəti və əməkdaşları iştirak ediblər.

Əvvəlcə Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edən AQTA sədrinin müavini Zəkiyyə Mustafayeva bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin 30 illik işğalına son qoyulub və Azərbaycanın ərazi bütövlüyünün bərpası təmin edilib.

Daha sonra 27 Sentyabr – Anım Günü ilə əlaqədar tanınmış jurnalist, media eksperti və “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyevin müəllifi olduğu “Qanadı sınmış mələklər” filminin nümayişi təşkil edilib. Sənədli film haqqında məlumat verən müəllif bildirib ki, ekran əsəri Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumları nəticəsində dünyasını dəyişmiş və ailə üzvlərini itirmiş uşaqların həyatından bəhs edir. Filmdə Vətən müharibəsi dövründə Gəncədə baş verən faciəvi hadisələrin uşaqların taleyinə təsiri real həyat hekayələri əsasında təqdim olunur. Ekran əsəri şəhidlərin xatirəsinin yaşadılması və müharibənin dəhşətlərinin gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Tədbirin sonunda film nümayiş olunub.