Dövlətlərin üzləşdiyi ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir.
“İki sahil” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Nyu-Yorkda təşkil etdiyi “Ortaq gələcək naminə etimadın, əməkdaşlığın və qlobal sabitliyin bərpası” mövzusunda XXXVII Yüksəksəviyyəli Görüşdə çıxışı zamanı bildirib. ÜST rəhbəri səhiyyəni dövlətlərin ümumi təhdidlər qarşısında hələ də birgə fəaliyyət göstərə bildiyi mühüm sahələrdən biri kimi qiymətləndirib. O, COVID-19-dan əldə olunan dərslər əsasında üçillik danışıqlardan sonra ÜST-yə üzv dövlətlərin Pandemiya Sazişini qəbul etdiklərini xatırladıb.
“Pandemiya Sazişi çoxtərəfliliyin canlı və işlək olduğunun real sübutudur. Ölkələr patogenlərə çıxış və faydaların bölüşdürülməsi sistemi üzrə danışıqları davam etdirirlər və bu, sazişin həyata keçirilməsinə və qüvvəyə minməsinə yol açacaq. Ölkələr arasında hələ də fikir ayrılıqları var, lakin onların həll yolunu tapacaqlarına əminəm. Ən vacibi odur ki, onlar hələ də bir-biri ilə danışırlar”, - deyə Qebreyesus bildirib. O, son aylarda pandemiyaların qarşısının alınması, hazırlıq və cavab tədbirləri üzrə siyasi bəyannamənin də razılaşdırıldığını və sənədin bu həftənin cümə günü BMT Baş Assambleyasının yüksəksəviyyəli iclasında təsdiqlənməsinin gözlənildiyini deyib.
Qebreyesus qlobal institutların dəyişən dünyaya uyğunlaşmasının zəruriliyini də vurğulayıb: “Heç kim çoxtərəfliliyin asan və ya mükəmməl olduğunu deməyib. Dünyamız daim dəyişir və çoxtərəfli sistem də onunla birlikdə dəyişməlidir. İslahatların məqsədi institutları sadəcə qoruyub saxlamaq deyil, onların məqsədə uyğun, hesabatlı və ölçüləbilən nəticələr vermək qabiliyyətində olmasını təmin etməkdir”.
Onun sözlərinə görə, ortaq zəifliklər yox olmayıb, əksinə, daha aydın görünür. “Zəiflik bölünmənin də, həmrəyliyin də mənbəyinə çevrilə bilər. Seçim bizimdir. Gələcək dövlətlər arasında daha güclü divarlarla deyil, daha güclü etimadla təmin ediləcək”,- deyə ÜST-ün baş direktoru vurğulayıb.