23 sentyabr 2026 16:26
66

ATMU əməkdaşı beynəlxalq konfransında iştirak edib

 

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Strateji inkişaf və keyfiyyət təminatı şöbəsinin mütəxəssisi, ped.ü.f.d. Fidan Sarıbəyli Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində, Yıldız Texniki Universitetində keçirilən II Beynəlxalq Keyfiyyət Təminatı və Akkreditasiya Konfransında (Uluslararası Kalite Güvencesi ve Akreditasyon Konferansı) iştirak edib.

“Rəqəmsal Dönüşüm Prosesində Keyfiyyət Təminatı Sistemləri və Süni İntellekt” mövzusuna həsr olunan konfransda dünyanın və Avropanın aparıcı ali təhsil müəssisələrinin nümayəndələri, eləcə də beynəlxalq keyfiyyət təminatı və akkreditasiya sahəsində fəaliyyət göstərən ENQA, EQAR, CHEA kimi təşkilatların rəhbərləri və tanınmış ekspertlər iştirak ediblər.

Konfrans çərçivəsində EQAR prezidenti Prof. Dr. Bjørn Stensaker, ENQA prezidenti Prof. Dr. Daniela Cristina Ghițulică, CHEA prezidenti Dr. Nasser H. Paydar və tanınmış ali təhsil eksperti Jamil Salmi qlobal keyfiyyət təminatı tendensiyaları, ali təhsildə rəqəmsal transformasiya və yeni çağırışlarla bağlı əsas məruzələrlə çıxış ediblər.

Tədbir zamanı universitet rektorları və keyfiyyət təminatı agentliklərinin rəhbərlərinin iştirakı ilə panel müzakirələri də keçirilib. Panel sessiyalarında süni intellektin ali təhsilə inteqrasiyası, universitetlərdə daxili keyfiyyət mədəniyyətinin formalaşdırılması, mikrokreditlərin qiymətləndirilməsi və müasir ali təhsil sistemində keyfiyyət təminatının rolu kimi aktual məsələlər müzakirə olunub.

Tədbir çərçivəsində, həmçinin ATMU nümayəndəsi Fidan Sarıbəyli “Azərbaycan Yükseköğretiminde Akreditasyon Süreçlerinin Öğretim Üyelerinin Algıları Üzerinden İncelenmesi: Bir Metafor Analizi” adlı məruzə ilə çıxış edib.

Konfransda iştirak ATMU nümayəndəsinin beynəlxalq təcrübə və müasir keyfiyyət təminatı yanaşmaları ilə tanış olması, eləcə də müxtəlif ölkələrin ali təhsil və keyfiyyət təminatı üzrə ekspertləri ilə fikir mübadiləsi aparması baxımından əhəmiyyətli olub.