17 sentyabr 2026 18:26
109

Bakıda “Tarixi-dini abidələrin qorunması: Çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib

Sentyabrın 17-də Bakıda Mədəniyyət Nazirliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Tarixi-dini abidələrin qorunması: Çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib.

“İki sahil” xəbər verir ki, konfransda dini-mədəni irs nümunələrinin mühafizəsi və restavrasiyasında müasir yanaşmalar, onların qorunmasında dini icmaların rolu, həmçinin işğaldan azad edilmiş ərazilərdə bərpa olunan dini-memarlıq abidələrinin şəhərsalma mühitində əhəmiyyəti müzakirə olunub.

Tədbirin rəsmi açılış mərasimindən əvvəl videoçarx nümayiş olunub.

Rəsmi açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, mədəniyyət naziri Adil Kərimli, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və digər şəxslər çıxış ediblər.

Tədbir çərçivəsində “Mədəni-dini irsin qorunması: Hüquq, təcrübə və imkanlar” və “Tolerantlıq və multikulturalizm ənənələrinin təşviqində tarixi-dini məkanların əhəmiyyəti” mövzularında panel sessiyaları təşkil edilib.

“Mədəni-dini irsin qorunması: hüquq, təcrübə və imkanlar” adlı birinci panelə Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov moderatorluq edib.

Paneldə mədəniyyət nazirinin müavini Səadət Yusifova, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev və AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovun çıxışları dinlənilib.

Məruzələrdə tarixi-dini abidələrin mühafizəsi sahəsində mövcud təcrübə, qarşıda duran çağırışlar və yeni imkanlar, Qərbi Azərbaycanda və işğaldan azad edilmiş ərazilərimizdə erməni vandalizmi nəticəsində dağıdılmış ibadətgahlar, mədəni irs nümunələrimiz barədə statistik göstəricilər diqqətə çatdırılıb, bu istiqamətdə dövlət qurumları, elmi müəssisələr arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Yekun panel sessiyasında tolerantlıq və multikulturalizm ənənələrinin təşviqində dini-mədəni irs nümunələrinin rolu müzakirə edilib. Panel müzakirəsində mədəni irs örnəklərinin qorunması, daş kitabələrin oxunması, tədqiqi və gələcək nəsillərə çatdırılması ilə bağlı təkliflər səsləndirilib.