17 sentyabr 2026 18:22
117

Siyəzən rayonunda kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib

Sentyabrın 17-də Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn məsələlərlə bağlı Siyəzən rayonunda müşavirə keçirilib.

“İki sahil” xəbər verir ki, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini Aqşin Ağayev rayonda kənd təsərrüfatı sahəsində mövcud imkanlar, sahibkarlıq fəaliyyəti üçün yaradılmış şərait və həyata keçirilən infrastruktur layihələrindən danışıb. Bildirib ki, Dövlət Proqramında müəyyənləşdirilən hədəflər rayonun aqrar sahədə mövcud olan potensialının daha səmərəli istifadə edilməsinə, yeni layihələrin həyata keçirilməsinə, mövcud təsərrüfatların genişləndirilməsinə və sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə mühüm imkanlar yaradır. İcra başçısının müavini Siyəzəndə əkinçilik və heyvandarlıqla yanaşı, meyvəçilik, quşçuluq, balıqçılıq və digər istiqamətlər üzrə də inkişaf imkanlarının mövcudluğunu diqqətə çatdırıb.

Kənd Təsərrüfatı nazirinin müavini Seymur Səfərli Dövlət Proqramının əsas hədəfləri və Siyəzəndə icrası ilə bağlı prioritet məsələlərdən danışıb. Bildirib ki, Proqram 5 prioritet istiqamət, 16 fəaliyyət istiqaməti, 86 tədbir və 23 hədəf göstəricisini əhatə edir. Qarşıdakı dövrdə əsas diqqət məhsuldarlığın artırılmasına, resurslardan səmərəli istifadəyə, istehsal-emal əlaqələrinin gücləndirilməsinə və fermerlərin gəlirlərinin artırılmasına yönəldiləcək.

Nazir müavini fermerlərin ehtiyaclarının nəzərə alınması və Dövlət Proqramı üzrə həyata keçiriləcək tədbirlərin bu istiqamətdə müəyyənləşdirilməsinin vacibliyini qeyd edib. O,  heyvandarlığın inkişafı, məhsulların bazara çıxış imkanlarının yaxşılaşdırılması, rəqəmsal aqrar xidmətlərdən və dövlət dəstəyi mexanizmlərindən səmərəli istifadə ilə bağlı məlumat verib. Nazir müavini müasir suvarma texnologiyalarının tətbiqinin suvarma imkanlarının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Bu istiqamətdə fermerlərin güzəşt və maliyyə dəstəyi imkanlarından yararlanmasının vacibliyini diqqətə şatdırıb. 

Müşavirədə heyvandarlığın inkişafı, kənd təsərrüfatı texnikası ilə təminat, məhsulların saxlanması və satış imkanlarının genişləndirilməsi, habelə yeni investisiya layihələrinin reallaşdırılması məsələləri müzakirə olunub. Fermerlərin dövlət dəstəyi mexanizmlərindən, o cümlədən texnika və müasir suvarma sistemlərinin alınmasına tətbiq edilən güzəştlərdən səmərəli yararlanmasının vacibliyi diqqətə çatdırılıb.

Sonda rayonun aqrar sahəsində mövcud vəziyyət, fermer və sahibkarların qarşılaşdığı məsələlər, Dövlət Proqramından irəli gələn tədbirlərin icrası və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Fermer və sahibkarların  təklifləri dinlənilib, sualları cavablandırılıb.