16 sentyabr 2026 12:29
105

Yeni reallıq: revanşizmə deyil, sülhə doğru

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası Cənubi Qafqazda yeni siyasi reallıq yaradıb. 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri ilə Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Bu gün ölkəmiz həmin reallıq əsasında regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın formalaşdırılması istiqamətində ardıcıl siyasət yürüdür.

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri bu siyasətin mühüm istiqamətlərindəndir. Şəhər və kəndlər yenidən qurulur, infrastruktur yaradılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Azərbaycan bu prosesi beynəlxalq ictimaiyyət üçün açıq şəkildə həyata keçirir və xarici ölkələrin nümayəndələrinin azad edilmiş ərazilərə səfərlərinə şərait yaradır.

Bu baxımdan, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri tamamilə qanuni və təbii xarakter daşıyır. Həmin səfərə Ermənistanın ayrı-ayrı siyasi və ictimai dairələri tərəfindən göstərilən kəskin reaksiya isə qəbuledilməzdir.

Azərbaycanın daxili işlərinə müdaxilə yolverilməzdir

Qarabağ Azərbaycanın suveren ərazisidir. Azərbaycanın ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanır və Ermənistanın da bunu qəbul etdiyi şəraitdə xarici diplomatların Azərbaycanın hansı bölgəsinə səfər etməsini mübahisə predmetinə çevirmək üçün heç bir əsas yoxdur.

Diplomatik nümayəndələrin bu səfərə görə hədəfə alınması yalnız əsassız siyasi reaksiyadan ibarət deyil, həm də Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir. Müstəqil dövlətin ərazisində diplomatik nümayəndələrin fəaliyyəti həmin dövlətin suveren hüquqları çərçivəsindədir.

Bu hadisə eyni zamanda Ermənistan cəmiyyətinin müəyyən dairələrində Qarabağla bağlı keçmiş siyasi təsəvvürlərin hələ də tam aradan qalxmadığını göstərir. Halbuki regionda davamlı sülh üçün ilk şərt mövcud reallıqların qəbul edilməsidir.

Tarixin siyasiləşdirilməsi yeni qarşıdurmalara yol açır

Səfərlə bağlı reaksiyalarda diqqət çəkən digər məqam tarixi və mədəni irslə bağlı birtərəfli yanaşmalardır. Azərbaycan ərazisində yerləşən Gəncəsər və Xudavəng kimi abidələrin yalnız erməni irsi kontekstində təqdim edilməsi, eyni zamanda, indiki Ermənistan ərazisində Azərbaycan xalqının çoxəsrlik mədəni mövcudluğunun inkar edilməsi tarixə selektiv yanaşmadır.

Tarixi irs siyasi məqsədlərlə mənimsənilməməli, elmi faktlar və beynəlxalq prinsiplər əsasında qiymətləndirilməlidir. Eyni yanaşma Qafqaz Albaniyası irsinə münasibətdə də keçərlidir. Azərbaycan ərazisində mövcud olmuş Qafqaz Albaniyası dövlətinin tarixi və mədəni irsi elmi araşdırmaların predmetidir və bu irsin siyasi məqsədlərlə ya mənimsənilməsi, ya da inkar edilməsi obyektiv tarix anlayışına ziddir.

Azərbaycan dövlətinin mövqeyi aydındır: ölkə ərazisindəki bütün tarixi və mədəni irs qorunmalı, onun öyrənilməsi siyasi mübahisələrin deyil, elmi yanaşmanın predmetinə çevrilməlidir.

Revanşist ritorika sülh gündəliyinə ziddir

Ermənistanda revanşist dairələrin fəallığı və Azərbaycan əleyhinə kampaniyaların hakim siyasi dairələrə yaxın resurslarda yayılması narahatlıq doğurur. Bu cür ritorika sülh prosesinə və qarşılıqlı etimadın formalaşmasına zərbə vurur.

Ermənistan parlamentinin sədri Ruben Rubinyanın diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri ilə bağlı açıqlaması da Azərbaycanın daxili işlərinə yolverilməz müdaxilədir. Sentyabrın 14-də Ermənistan parlamentində 2022-ci il döyüşlərində həlak olan hərbçilərin yad edilməsi isə revanşist əhval-ruhiyyənin siyasi müstəvidə hələ də təşviq edildiyini göstərir.

Qərbi Azərbaycanın mədəni irsi də tarixin bir hissəsidir

Tarixi irs məsələsində ikili standartların tətbiqi yolverilməzdir. Azərbaycan xalqı əsrlər boyu indiki Ermənistan ərazisində yaşayıb, yaşayış məntəqələri salıb və zəngin mədəni irs yaradıb. Məscidlər, qəbiristanlıqlar, türbələr və digər tarixi-mədəni nümunələr bu keçmişin maddi izləridir.

Lakin həmin irsin əhəmiyyətli hissəsinin dağıdılması, dəyişdirilməsi və ya izsizləşdirilməsi regionun tarixi mənzərəsinin təhrif olunmasına səbəb olub. Azərbaycanlıların tarixi mövcudluğunun yaddaşdan silinməsi cəhdi ilə yanaşı, onların yaratdığı mədəni irsin də inkar edilməsi obyektiv tarixə münasibət baxımından qəbuledilməzdir.

Mədəni irsin qorunması yalnız milli məsələ deyil, beynəlxalq öhdəlikdir. 1954-cü il Haaqa Konvensiyası və UNESCO çərçivəsində formalaşmış prinsiplər silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunmasına xüsusi əhəmiyyət verir. Bu normalara hörmət bütün tərəflər üçün eyni dərəcədə vacibdir.

Yeni reallıq yeni yanaşma tələb edir

Cənubi Qafqaz artıq əvvəlki münaqişə reallığında deyil. Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq aparmaqla yanaşı, regionda nəqliyyat və iqtisadi əlaqələrin inkişafı, davamlı sülh üçün yeni imkanlar yaradır.

Bu mərhələdə keçmiş münaqişə ritorikasını davam etdirmək, diplomatik nümayəndələrin Azərbaycanın suveren ərazisinə səfərinə etiraz etmək və tarixi irsi siyasi qarşıdurma predmetinə çevirmək konstruktiv yanaşma deyil.

Davamlı sülh üçün mövcud reallıqlar qəbul edilməli, beynəlxalq hüquqa hörmət göstərilməli, revanşist ritorikadan imtina olunmalıdır. Cənubi Qafqazın gələcəyi qarşıdurma və stereotiplərlə deyil, suverenliyə hörmət, tarixi həqiqətlərin obyektiv qəbul edilməsi və əməkdaşlıq əsasında qurulmalıdır.

Siyavuş Novruzov,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri