12 sentyabr 2026 12:13
83

Hikmət Hacıyev: Azərbaycan dövləti bu abidələrin qorunması, mühafizəsi və bərpasına sadiqdir


Azərbaycan Prezidentinin köməkçisi – Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə ziyarət etdikləri Gəncəsər və Xudavəng kilsələrindən video paylaşıb.

“İki sahil” xəbər verir ki, Prezidentin köməkçisi bildirib ki, Gəncəsər və Xudavəng kilsələri qədim Qafqaz Albaniyasının xristian irsinin ayrılmaz hissəsidir. Onun sözlərinə görə, Gəncəsər kilsəsi XIII əsrdə Qafqaz Albaniyasının hökmdarı Həsən Cəlal tərəfindən inşa etdirilib və Qafqaz Albaniyasının əsrlər boyu formalaşmış xristian irsinin mühüm nümunələrindən biridir. Hikmət Hacıyev qeyd edib ki, işğal illərində bu tarixi abidələr “bərpa” adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb, nəticədə onların memarlıq autentikliyi və ilkin xarakteri zədələnib. “Azərbaycan ərazisində yerləşən hər bir tarixi, mədəni və dini abidə, mənşəyindən və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin zəngin mədəni irsinin ayrılmaz hissəsidir. Azərbaycan dövləti bu abidələrin qorunması, mühafizəsi və bərpasına sadiqdir”, – deyə Hikmət Hacıyev vurğulayıb.

Prezidentin köməkçisi Azərbaycanın multikultural və çoxkonfessiyalı irsinin qorunması sahəsində təcrübəsinin beynəlxalq səviyyədə tanındığını bildirib. “Biz bu təcrübəni digər ölkələrlə, o cümlədən qonşularımızla bölüşməyə hazırıq”, – Hikmət Hacıyev deyib. O, bu məsələ ilə bağlı saxta xəbərlər və yanlış narrativlər yayan media qurumlarını da tarixi abidələri yerində ziyarət etməyə və reallığı öz gözləri ilə görməyə çağırıb. “Görmək inanmaqdır”, – deyə Hikmət Hacıyev qeyd edib.