12 sentyabr 2026 11:47
98

Qərbi Azərbaycan İcmasında Qafan rayonundan bu il ali məktəblərə qəbul olmuş gənclərlə görüş keçirilib

Qərbi Azərbaycan İcmasında Qafan rayonundan bu il ali məktəblərə qəbul olmuş gənclərlə görüş keçirilib.

İ“İki sahil” xəbər verir ki, icmadan verilən məlumata görə, gənclərin əldə etdikləri yüksək nəticələrin, onların təhsil uğurlarının və qarşıdakı hədəflərinin diqqətə çatdırıldığı tədbirdə Qərbi Azərbaycan İcmasının rəhbərliyi, Qafan rayon İcmasının nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər. Qərbi Azərbaycan İcması Qafan rayon İcmasının sədri, professor Eldar Abbasov gənclərin əldə etdikləri uğurlardan məmnunluğunu ifadə edib. O, Qafan rayonundan olan gənclərin təhsilə, elmə və inkişafa göstərdikləri marağın yüksək qiymətləndirilməli olduğunu vurğulayıb.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bu il 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olan 153 Qərbi Azərbaycan əsilli gəncin olduğunu diqqətə çatdırıb. Əziz Ələkbərli yüksək nəticə göstərərək tələbə adını qazanan Qafan rayon gənclərini təbrik edib, onların uğurlarının həm ailələri, həm də Qərbi Azərbaycan İcması üçün qürur mənbəyi olduğunu bildirib. Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanov da ali məktəblərə qəbul olmuş gəncləri əldə etdikləri yüksək nəticələr münasibətilə təbrik edib.

Tədbirdə Qafan rayonundan olan gənclərin ali məktəblərə qəbul göstəriciləri barədə də məlumat səsləndirilib. Bildirilib ki, bu il yüksək bal toplayaraq tələbə adını qazanan gənclər arasında Azərbaycan Tibb Universitetinə 655 balla qəbul olan Qurbanov Saleh Vüqar oğlu, 638 balla Bakı Dövlət Universitetinə qəbul olan Vəlizadə Qismət Qürbət oğlu və 635 balla Bakı Dövlət Universitetinə qəbul olan Vəriyev Fərid Həsən oğlu da yer alıb.

Sonda ali məktəblərə yüksək balla qəbul olmuş gənclərə hədiyyələr təqdim edilib, yeni təhsil mərhələsində uğurlar, möhkəm iradə və böyük nailiyyətlər arzulanıb.