10 sentyabr 2026 18:33
95

Böyük etimad, sonsuz inam

Sentyabrın 10-da   Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatının XI konfransı keçirilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

YAP Qusar rayon təşkilatının sədri Kamran Əmirov hesabat məruzəsi ilə çıxış edərək Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında mühüm rolundan bəhs edib. O bildirib ki, hesabat dövründə YAP Qusar rayon təşkilatı tərəfindən partiyanın qarşıya qoyduğu vəzifələrin icrası, ərazi partiya təşkilatları ilə işin səmərəli təşkili, gənclərin və qadınların ictimai-siyasi fəallığının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Eyni zamanda, təşkilatın qarşısında duran əsas vəzifələr barədə də məlumat verilib.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov çıxışında qeyd edib ki, Azərbaycan xalqı Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin siyasi kursunu dəstəkləyir. Bu siyasi kurs ölkəmizin davamlı inkişafı, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və qarşıya qoyulan hədəflərin ardıcıl şəkildə reallaşdırılmasını təmin edib.

Çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, bu gün dünyada müstəqil, nüfuzlu, qüdrətli və qalib ölkə kimi tanınan müasir Azərbaycanın möhtəşəm uğurlarında siyasi sistemin aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyasının mühüm rolu və payı var. Qeyd olunub ki, ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasına cəmiyyətdə göstərilən yüksək etimad onun ölkənin ictimai-siyasi həyatındakı mövqeyini daha da möhkəmləndirir. Eyni zamanda, YAP ölkədə keçirilən bütün seçkilərdə inamlı qələbələr qazanaraq siyasi həyatda avanqard qüvvə olduğunu sübuta yetirib.

Tədbirdə ərazi partiya təşkilatlarının sədr müavinləri Pərvin Eldarov və Kəmalə Qliçova çıxış edərək YAP Qusar rayon təşkilatının fəaliyyətindən, ərazi partiya təşkilatlarında görülən işlərdən və üzvlərin ictimai-siyasi fəallığının artırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıblar. Çıxışlarda partiya üzvlərinin dövlətçilik ideyalarına sədaqəti və ictimai proseslərdə fəal iştirakı xüsusi vurğulanıb.

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Orxan Bayramov isə çıxışında YAP Qusar rayon təşkilatının fəaliyyətini yüksək qiymətləndirib. O, rayon təşkilatının Ümummilli Lider Heydər Əliyevin ideyalarının, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin təbliği istiqamətində uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Konfransda YAP Qusar rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII Qurultayına nümayəndələr seçilib.

Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.