10 sentyabr 2026 15:56
118

YAP-ın fəaliyyəti milli maraqlarımızın qorunmasına hədəflənib

Sentyabrın 10-da Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatının X konfransı keçirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda hesabat məruzəsi ilə çıxış edən YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması müasir Azərbaycan tarixinin ən əlamətdar hadisələrindən biridir. Onun sözlərinə görə, uğurlu fəaliyyəti ilə partiya ölkəmizdə siyasi mədəniyyət nümunəsi formalaşdırıb.

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin ideyalarından güc alan Yeni Azərbaycan Partiyası yeni uğurlara imza atır. O, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Zərdab rayonunun sosial-iqtisadi inkişafı istiqamətində mühüm nailiyyətlərin əldə edildiyini diqqətə çatdırıb.

YAP İdarə Heyətinin üzvü Əfsun Sucayev çıxışında Yeni Azərbaycan Partiyasının ötən dövrdə böyük inkişaf yolu keçərək mütəşəkkil siyasi qüvvəyə çevrildiyini bildirib. Onun sözlərinə görə, YAP-ın fəaliyyəti milli maraqların qorunmasına hədəflənib.

Tədbirdə Zərdab rayon Əlvənd kənd tam orta məktəbinin direktoru, Vətən müharibəsi iştirakçısı Elvin Xəlilov çıxışında Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafına və dövlət siyasətinin həyata keçirilməsinə verdiyi töhfələrdən danışıb.

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Fəsli Nəbiyev YAP Zərdab rayon təşkilatının fəaliyyətini müsbət dəyərləndirib. O qeyd edib ki, xalqımızın Ümummilli Lideri, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin irsinin və Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin cəmiyyətdə geniş təbliği mühüm önəm kəsb edir.

Konfransda YAP Zərdab rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.