03 sentyabr 2026 12:43
58

"Amazon", "Tesla" və "Nokia"nın təchizatçılarının arasında sanksiya siyahısındakı şirkətlər ola bilər

"Volkswagen" (VW), "Tesla", "Nokia" və "Amazon" daxil olmaqla bir sıra iri beynəlxalq şirkətlərin təchizat zəncirində ABŞ, Aİ və Böyük Britaniyanın sanksiya siyahılarında yer alan müəssisələr ola bilər.

“İki sahil” xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, 160-dan çox ABŞ şirkəti və digər ölkələrdən olan ən azı on şirkət öz təchizat zəncirlərində ABŞ, Aİ və ya Böyük Britaniyanın sanksiyaları altında olan dörd qızıl emalı müəssisəsindən birinin və ya bir neçəsinin mövcud olduğunu bildiriblər.

Anonimlik şərti ilə danışan ABŞ Maliyyə Nazirliyinin keçmiş əməkdaşlarından biri FT-yə bəyan edib ki, şirkətlər nazirliyin Xarici Aktivlərə Nəzarət İdarəsinin qara siyahısına salınmış təşkilatlardan satınalmalar etdiyinə görə hüquqi məsuliyyətə cəlb oluna bilərlər.

FT tərəfindən adı çəkilən ABŞ və ya xarici şirkətlərin heç biri sanksiya altındakı qurumlarla birbaşa əlaqələrinin olduğunu bəyan etməyib. Belə müəssisələrdən ikisi — Rusiyanın "Uralelektromed" və "Krastsvetmet" şirkətləri 2023-cü ildə ABŞ və Böyük Britaniyanın sanksiyalarına məruz qalıb.

Digər iki müəssisə isə Afrikadandır. Uqandanın "African Gold Refinery" şirkəti Konqo Demokratik Respublikasında qanunsuz hasil edilən qızılı emal etdiyi iddiası ilə 2022-ci ildə ABŞ-nin sanksiya siyahısına salınıb. 2025-ci ildə isə Aİ Ruandanın "Gasabo Gold Refinery" müəssisəsinə M23 üsyançı qruplaşması ilə ehtimal edilən əlaqələrinə görə sanksiya tətbiq edib.