01 sentyabr 2026 13:24
76

Mələk Bağırova ABŞ-də beynəlxalq innovasiya festivalında Milli Aviasiya Akademiyasını uğurla təmsil edib

 

ABŞ-nin Kaliforniya ştatında keçirilən “Silicon Valley International Invention Festival – SVIIF 2026” beynəlxalq innovasiya festivalında Azərbaycan nümayəndə heyəti yüksək nəticə əldə edib. Dünyanın 30-dan çox ölkəsindən 500-dən artıq ixtiraçının iştirak etdiyi festivalda Azərbaycanı təmsil edən 8 layihənin hər biri mükafata layiq görülüb.

Azərbaycan komandası festivalı 3 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurub, eyni zamanda festivalın xüsusi mükafatlarından biri olan “Semi-Grand Prix”mükafatına layiq görülüb.

MAA-nın “Aerokosmik mühəndislik” ixtisasının tələbəsi Mələk Bağırova SVIIF 2026-da müxtəlif innovativ layihələrin müəllifləri sırasında yer alaraq Azərbaycanı və MAA-nı uğurla təmsil edib. Onun festivalda iştirakına və innovativ layihələrlə təmsil olunmasına MAA tərəfindən maliyyə dəstəyi göstərilib.

Mələk Bağırovanın adı festivalda təqdim olunan bir neçə layihənin həmmüəllifləri sırasında yer alıb. Yalnız onun müəllifi olduğu “KRILZ-AI” layihəsi isə bürünc medala layiq görülüb. Aerokosmik sistemlər üçün innovativ naviqasiya həlli olan layihə uçuş şəraitində avtonom naviqasiyanın etibarlılığının artırılmasına və müxtəlif sensorlardan əldə olunan məlumatların adaptiv şəkildə emalına yönəlib.

Azərbaycan nümayəndə heyətinin uğuru yerli və beynəlxalq rəsmilərin də diqqətini çəkib. Santa Klara şəhərinin meri Lisa M. Gillmor və Beynəlxalq İxtiraçılar Assosiasiyaları Federasiyasının (IFIA) prezidenti Alireza Rastegar nümayəndə heyətini əldə olunan yüksək nəticələr münasibətilə təbrik ediblər.

14–16 avqust 2026-cı il tarixlərində keçirilən SVIIF 2026-da Azərbaycan nümayəndə heyətinin 8 layihə üzrə 8 medal, eləcə də “Semi-Grand Prix” xüsusi mükafatını qazanması ölkə gənclərinin elmi-texnoloji potensialını və innovativ layihələrinin beynəlxalq səviyyədə rəqabət qabiliyyətini nümayiş etdirən mühüm uğurdur.

Mələk Bağırovanı bu mühüm uğur münasibətilə təbrik edir, ona elmi və innovativ fəaliyyətində yeni nailiyyətlər arzulayır!