26 avqust 2026 10:57
98

Ağstafada partiya veteranı Akif Abbasovun 85 illik yubileyi qeyd olunub - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının təşkilatçılığı, Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə partiya veteranı Abbasov Akif Abbas oğlunun anadan olmasının 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə YAP Mərkəzi Aparatı rəhbərinin müavini Ramilə Bədəlova, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Araz Salmanov, YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, şəhid ailələri, qazilər, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər  - Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, YAP Mərkəzi Aparatı rəhbərinin müavini Ramilə Bədəlova, Qazax Xeyriyyə Cəmiyyətinin sədri İlham Pirməmmədov, Bakı Dövlət Universitetinin (Qazax filialı) riyaziyyat kafedrasının müdiri Hüseyn Xəlilov, ailə üzvü Vaqif Abbasov, partiya veteranı Əli Əliyev yubilyarı təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür arzulayıblar. Qeyd olunub ki, Akif Abbasov uzun illər partiya ideyalarının təbliği və ictimai fəaliyyətin gücləndirilməsi istiqamətində mühüm töhfələr verib.  

Sonra Yeni Azərbaycan Partiyası və Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən yubilyara Fəxri Fərman, xatirə hədiyyələri təqdim edilib.

Partiya veteranı Akif Abbasov çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib, Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmasının onun üçün böyük qürur olduğunu söyləyib. Vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin əbədiyaşar ideyaları, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti və Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyəti Azərbaycana möhtəşəm nailiyyətlər qazandırıb.

Daha sonra tədbir konsert proqramı ilə davam etdirilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.