23 avqust 2026 21:47
133

Cəlilabadda tapılan daş kürənin Neolit dövrünə aidliyi təsdiqlənib

Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində yerləşən Paşatəpə arxeoloji abidəsində aşkar olunan daş kürə ilə bağlı aparılan elmi araşdırmaların nəticəsi açıqlanıb.

Tapıntının elmi təhlili nəticəsində onun keramikasız Neolit dövrünə aid olduğu müəyyənləşdirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, dosent Vəfa Mahmudova bildirib ki, daş kürə Tokio Universitetinin Muzeyinin direktoru professor Yoşihiro Nişiaki və Azərbaycan-Almaniya beynəlxalq arxeoloji ekspedisiyasının tədqiqatçısı Karolina Hrubi tərəfindən araşdırılıb.

Araşdırmalar zamanı tapıntının tipoloji xüsusiyyətləri nəzərdən keçirilib və onun Levant tipli artefakt olduğu qənaətinə gəlinib.

Mütəxəssislərin əldə etdiyi nəticələr Paşatəpədə aşkarlanan bu daş kürənin Cənubi Qafqaz üçün nadir tapıntı olduğunu da ortaya qoyub. Belə ki, hazırkı məlumata əsasən, artefaktın region ərazisində analoqu müəyyən edilməyib.

Bu nəticə Paşatəpə arxeoloji abidəsinin qədim yaşayış məskənlərinin öyrənilməsi baxımından elmi əhəmiyyətini bir daha göstərir.

"Report"