19 avqust 2026 19:16
138

“Ruhlar şəhəri”ndən geofuturistik mərkəzə: Ağdamın dirçəlişi

"Şəhərsalma və Memarlıq İli"nin işığında

Ağdamın bərapası göstərir ki, şəhərsalma yalnız tikintidən ibarət deyil — bu, tarixi yaddaşın bərpası ilə gələcək texnologiyaların bir araya gəldiyi canlı bir ekosistemin yaradılmasıdır

Tarixi yaddaşın bərpası

Ağdam bu gün Azərbaycanın ən böyük dirçəliş layihələrindən birinin mərkəzində dayanır. Uzun illər müharibənin, işğalın və dağıntının ağır nəticələrini yaşamış bu şəhər indi yenidən həyat qazanır. Vaxtilə xarabalıqları ilə dünyanın diqqətini çəkən, "ruhlar şəhəri" kimi tanınan Ağdam artıq yeni dövrə qədəm qoyub. Burada aparılan bərpa və yenidənqurma işləri təkcə tikinti layihəsi deyil, eyni zamanda tarixi ədalətin bərpası, milli iradənin təcəssümü və gələcək inkişafa yönəlmiş böyük dövlət strategiyasıdır.

2020-ci ildə qazanılan tarixi qələbə Ağdamın da taleyini dəyişdi. Rayon hərbi əməliyyat aparılmadan Azərbaycana qaytarıldı və bununla da şəhərin yeni həyat mərhələsi başladı. Azadlıqdan dərhal sonra əraziyə mütəxəssislər cəlb edildi, minalardan təmizləmə işlərinə start verildi, şəhərin baş planı hazırlandı və geniş tikinti proqramı icraya yönəldildi. 2021-ci ilin may ayında Ağdam şəhərinin təməli qoyuldu. Həmin tarixdən etibarən burada görülən işlərin miqyası göstərdi ki, Azərbaycan bu torpaqları yalnız geri qaytarmaqla kifayətlənmir, eyni zamanda onları müasir inkişaf mərkəzinə çevirmək niyyətindədir.

Ağdamın bugünkü siması dövlətimizin işğaldan azad edilmiş ərazilərlə bağlı müəyyən etdiyi inkişaf siyasətinin ən aydın nümunələrindən biridir. Onilliklər ərzində viran qoyulan küçələr, dağıdılmış yaşayış məhəllələri, yerlə yeksan edilmiş binalar indi müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulur. Yeni salınan geniş küçələr, abad parklar, sosial obyektlər və yaşayış kompleksləri Ağdamın gələcəkdə regionun ən nümunəvi şəhərlərindən birinə çevriləcəyini göstərir.

Şərq memarlıq irsi: Ağdam Cümə Məscidi və Pənahəli Xanın İmarət Kompleksi

Ağdamın yenidən qurulmasında ən diqqətçəkən məqamlardan biri müasir urbanistikanın Şərq memarlıq irsi və Qarabağın tarixi şəhərsalma ənənələri ilə inteqrasiyasıdır. Şəhərin vizual və məkan quruluşu Ağdam Cümə məscidi və Pənahəli xanın İmarət kompleksi ətrafında formalaşdırılır. Yeni küçə və prospektlər şəhər sakinləri üçün bu tarixi abidələrə vizual baxış bucaqlarını açıq saxlayacaq şəkildə nizamlanır. Ağdamın iki əsas mənəvi və memarlıq dayağı olan Ağdam Cümə Məscidi və Pənahəli Xanın İmarət Kompleksi Qarabağ memarlıq məktəbinin inciləridir.

1868–1870-ci illərdə böyük memar Kərbəlayı Səfi Xan Qarabaği tərəfindən inşa edilən Ağdam Cümə Məscidi Qarabağ bədii memarlıq ənənələrinin zirvəsi sayılır. Bərpa işləri Heydər Əliyev Fondunun dəstəyi ilə yerli və xarici (İtaliya, Avstriya) mütəxəssislər tərəfindən həyata keçirilib. Məscidin saxlanılmış orijinal daş divarları təmizlənib və möhkəmləndirilib. Daxili mehrab, minbər və tavan bəzəkləri arxiv fotoları və Kərbəlayı Səfi Xanın digər əsərləri (Bərdə, Şuşa Qayıdış məscidləri) əsasında dəqiqliklə bərpa olunub.

Pənahəli Xanın İmarət Kompleksi: XVIII əsrin ortalarında Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən tikilən bu kompleks həm yaşayış rezidensiyası, həm də xan xanədanlığının ilk inzibati mərkəzlərindən biridir. Kompleksin ərazisində Pənahəli xanın, İbrahimxəlil xanın və Xurşidbanu Natavanın türbələri yerləşir. Bu türbələr günbəzli, dördbucaqlı və ya səkkizbucaqlı quruluşları ilə fərqlənir. İmarətin ərazisi həmçinin Qarabağ atçılıq ənənələrini və xanlıq dövrü mədəniyyətini əks etdirən açıq səma altında muzey-kompleks konseptinə uyğunlaşdırılıb. Məscid və İmarət kompleksi Ağdamın yeni Baş Planında tarixi-mədəni istiqamətin əsas bünövrəsi kimi saxlanılmışdır.

Müasir yanaşma: Ağdamın "Ağıllı şəhər" modeli

Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan "ağıllı şəhər" konsepsiyası müasir şəhərsalmanın ən qabaqcıl yanaşmalarından biridir. Bu model şəhərdə enerji təchizatı, nəqliyyat, təhlükəsizlik, kommunal xidmətlər və sosial infrastrukturun rəqəmsal texnologiyalar vasitəsilə vahid sistemdə idarə olunmasını nəzərdə tutur. Günəş və külək enerjisi kimi bərpaolunan mənbələrdən istifadə, enerjiyə qənaət edən binaların inşası, eləcə də "ağıllı işıqlandırma" sistemləri həm ekoloji tarazlığın qorunmasına, həm də resurslardan qənaətlə istifadəyə imkan yaradır. Üstəlik, su ehtiyatlarının "ağıllı" idarə olunması, tullantıların çeşidlənməsi və təkrar emalı şəhərin ekoloji yükünü minimuma endirir. Ağdamın Baş planına uyğun olaraq şəhərin yaşıllıq zonaları, ekoloji tarazlığı qoruyan yaşayış massivləri və "ağıllı infrastruktur" elementləri ilə yenidən qurulur. Rəqəmsal idarəetmə, enerjiyə qənaət edən binalar və müasir sosial obyektlər Ağdamın gələcəkdə regionun "ağıllı" və dayanıqlı şəhərlərindən birinə çevriləcəyinə əminlik yaradır. Bütün yaşayış məhəllələrindən məktəb, tibb məntəqəsi və parklara piyada məsafəsi maksimum 15 dəqiqə təşkil edir.

Ağdam şəhərinin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş Planına əsasən, yaşayış əraziləri humanist, insan mərkəzli və iqlimə uyğunlaşdırılmış şəhərsalma prinsipləri əsasında layihələndirilir. Şəhərin ümumi mənzil fondu az və orta mərtəbəli tikililərdən ibarətdir. Ağdamın əsas yaşayış komplekslərində (1-ci, 2-ci, 3-cü və 5-ci məhəllələrdə) inşa edilən binaların böyük əksəriyyəti 3, 4, 5, 6 və 7 mərtəbəlidir. Bir sözlə, Ağdamın yeni yaşayış məhəllələri müasir şəhər komfortunu Qarabağ iqlimi və milli yaşayış mədəniyyəti ilə birləşdirən nümunəvi modeldir.

Qeyd edək ki, bu təşəbbüslər BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə, xüsusilə dayanıqlı şəhərlər və kəndlərin yaradılmasına dair qlobal çağırışlara uyğun olaraq həyata keçirilir. Məsələn, bərpaolunan enerji mənbələrinin geniş tətbiqi, “yaşıl enerji zonası” konsepsiyası, “ağıllı” suvarma sistemləri və rəqəmsal kənd təsərrüfatı həlləri regionun ekoloji tarazlığının qorunmasına xidmət edir. Eyni zamanda, “ağıllı” nəqliyyat və logistika həlləri ərazilərin iqtisadi reinteqrasiyasını sürətləndirir.

Sevinc Azadi, “İki sahil”