17 avqust 2026 22:51
72

Britaniya hökumətinin üç nazirinin şəxsi telefon nömrələri internetə sızıb

İnternetə Böyük Britaniyanın üç nazirinin, o cümlədən müdafiə naziri Ues Stritinqin şəxsi mobil telefon nömrələri sızıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Stritinqdən başqa, ədliyyə naziri Aleks Norris və Şimali İrlandiya məsələləri üzrə nazir Kris Brayantın da telefon nömrələri açıq şəkildə internetdə yayımlanıb.

Nəşr təhlükəsizlik baxımından əlavə risk yaratmamaq üçün nömrələrin konkret olaraq harada yayımlandığını açıqlamayıb.

Stritinqin nömrəsi aşkar edildikdən sonra internetdən silinib. Britaniya rəsmiləri digər iki nömrənin də silinməsi istiqamətində çalışırlar.

Məlumat Böyük Britaniya hökumətinin kommunikasiya təhlükəsizliyi ilə bağlı baş vermiş digər insidentin fonunda yayılıb. Bundan əvvəl nəşr Böyük Britaniyanın Baş naziri Endi Börnhemin mətn mesajları vasitəsilə həyata keçirilən dələduzluğun qurbanı olduğunu bildirmişdi. O, özünü Ağ Ev administrasiyasının rəhbəri Suzi Uaylz kimi təqdim edən şəxslə yazışıb. Lakin sonradan bunun dələduzluq olduğundan şübhələnərək söhbəti dayandırıb.

Britaniya hökumətinin nümayəndəsi bildirib ki, hakimiyyət məxfi məlumatların qorunması üçün etibarlı prosedurlar tətbiq edib.