17 avqust 2026 11:08
144

BŞTİ: Yeni təmayül tədris modelinə peşəkar müəllimlər seçilir

Yeni təmayül tədris modeli tətbiq olunan ümumi təhsil müəssisələrində çalışmaq istəyən müəllimlərin müsahibəsi davam edir.

“İki sahil” xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, müsahibələrə yeni təmayül tədris modelinin tətbiq olunduğu ümumi təhsil müəssisələrində fəaliyyət göstərən, həmçinin paytaxtın digər ümumi təhsil məktəblərində çalışan müəllimlər SMS vasitəsilə dəvət olunurlar.

Müsahibələr Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, tarix, coğrafiya, ingilis dili, fizika, kimya, biologiya və informatika fənləri üzrə keçirilir.

Müsahibələr zamanı namizədlərin peşəkar bilik və bacarıqları, pedaqoji fəaliyyət göstəriciləri, eləcə də tədrisin keyfiyyətinə təsir edən digər meyarlar üzrə səriştələri müvafiq komissiyalar tərəfindən qiymətləndirilir.

Müsahibədə uğur qazanan müəllimlərə SMS vasitəsilə bildiriş göndəriləcək.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrinin X-XI sinifləri üçün nəzərdə tutulan yeni təmayül tədris modeli üzrə şagird və müəllimlərin qeydiyyat prosesi də davam edir. Hazırkı dövrədək qabaqcıl pedaqoji təcrübəyə malik 5000-dən çox müəllim müsahibə mərhələsində iştirak üçün müraciət edib. Yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlığının məktəb daxilində daha səmərəli təşkilinə, onların maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə inkişafının dəstəklənməsinə xidmət edir.