14 avqust 2026 12:15
96

Şahin Bayramov: Qarabağ Universitetinin inkişafını regionun inkişafından ayrı təsəvvür etmirik

Rektor: Qarabağı tətbiqi tədqiqatların aparıldığı, innovativ həllərin sınaqdan keçirildiyi və yeni texnologiyaların tətbiq olunduğu unikal inkişaf platformasına çevirməyi hədəfləyirik

Qarabağ Universitetinin Xankəndidə fəaliyyət göstərməsi universitetə xüsusi tarixi və mənəvi missiya qazandırır. Lakin bu missiyanın yalnız simvolik müstəvidə deyil, konkret akademik nəticələr və elmi töhfələrlə ifadə olunması universitetin əsas hədəflərindən biridir.

Bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov “İki sahil”ə özəl müsahibəsində söyləyib.

Qarabağ Universitetinin rektoru, professor Şahin Bayramov bildirib ki, universiteti Qarabağda yeni insan kapitalının formalaşmasının, elmi, mədəni və ictimai həyatın inkişafının əsas mərkəzlərindən biri kimi görürlər. Onun sözlərinə görə, universitetin inkişafını regionun inkişafından ayrı təsəvvür etmək mümkün deyil.

“Buna görə də Qarabağın bərpası və uzunmüddətli inkişafı ilə bağlı məsələlər həm kadr hazırlığı istiqamətlərində, həm də elmi gündəliyimizdə xüsusi yer tutur”, – deyə rektor qeyd edib. Şahin Bayramov vurğulayıb ki, universitet təmiz enerji, iqlim dəyişiklikləri, dayanıqlı inkişaf, kənd təsərrüfatı, innovativ infrastruktur, şəhərsalma, ekologiya, səhiyyə və sosial inkişaf kimi istiqamətlər üzrə tədqiqat potensialını gücləndirməyi hədəfləyir. Rektor bildirib ki, Qarabağ Universiteti Xankəndinin yenidən mühüm akademik və intellektual mərkəzə çevrilməsinə də əhəmiyyətli töhfə verir. Artıq müxtəlif ölkələrdən alimlərin, tələbələrin, ekspertlərin və gənclərin Xankəndidə bir araya gəldiyi beynəlxalq tədbirlər keçirilir.

Onun sözlərinə görə, bu təşəbbüslər Xankəndinin yalnız universitet şəhəri deyil, həm də beynəlxalq intellektual dialoq məkanına çevrilməsi istiqamətində mühüm addımlardır.

Şahin Bayramov qeyd edib ki, regionda gedən quruculuq prosesi Qarabağ Universiteti üçün həm böyük məsuliyyət, həm də unikal elmi imkanlar yaradır.

“Perspektivdə universitetimizin timsalında Qarabağı müxtəlif sahələr üzrə tətbiqi tədqiqatların aparıldığı, innovativ həllərin sınaqdan keçirildiyi və yeni texnologiyaların tətbiq olunduğu unikal inkişaf platformasına çevirməyi hədəfləyirik”, – deyə rektor vurğulayıb.

Yaqut Ağaşahqızı, “İki sahil”