11 avqust 2026 10:00
310

Valideynlər uşaqlarının süni intellektlə olan söhbətlərindən xəbərdar olacaqlar? - VİDEO

“Instagram” uşaqların süni intellektlə özünə zərərvermə və intihar mövzusunda apardığı narahatedici söhbətlər barədə valideynlərə məlumat verməyə hazırlaşır.

“Meta” şirkətinin açıqlamasına görə, “Meta AI” çatbotu ilə belə söhbətlər aparan yeniyetmələrin hesablarında valideyn nəzarəti aktivdirsə, valideynlər “Instagram” üzərindən və ya SMS vasitəsilə xəbərdar ediləcək. Yeni sistem mütəxəssislərlə birlikdə müəyyənləşdirilmiş risk əlamətlərini aşkar etmək üçün hazırlanıb. Şirkət bildirir ki, süni intellekt sistemi yeniyetmənin özünə zərər verə biləcəyinə dair, hətta dolayı ifadələrlə olsa belə, işarələr aşkar etdikdə müvafiq xəbərdarlıq formalaşdıracaq.

“Meta” belə bildirişlərin valideynlər üçün ciddi narahatlıq yarada biləcəyini nəzərə alaraq, sistem tərəfindən müəyyən edilən xəbərdarlıqların insan əməkdaşlar tərəfindən nəzərdən keçiriləcəyini açıqlayıb. Şirkətin məlumatına görə, şübhə yarandığı hallarda valideynlərin məlumatlandırılmasına üstünlük veriləcək. Bu yanaşma nəticəsində bəzən real təhlükə olmadığı halda da xəbərdarlıq göndərilə bilər. “Meta” bu sistemi zamanla izləyərək təkmilləşdirəcəyini və məqsədin təhlükə siqnallarının müəyyənləşdirilməsi ilə valideynlərin lazımsız şəkildə narahat edilməməsi arasında düzgün tarazlıq yaratmaq olduğunu bildirir.

Təcili yardım xidmətləri ilə bağlı yeni sistem hazırlanır

Şirkət bununla yanaşı, süni intellektlə aparılan söhbət zamanı şəxsin özünə zərər vermə riskinin yaxın olduğu müəyyənləşdirilərsə, təcili yardım xidmətlərinə məlumat ötürülməsi imkanlarını da araşdırır. Qeyd edək ki, “Meta”nın artıq “Instagram” və “Facebook”da paylaşımlar əsasında oxşar riskləri müəyyənləşdirməyə imkan verən sistemləri mövcuddur.

Şirkət əvvəllər də uşaqların “Instagram”da intihar və ya özünə zərərvermə ilə bağlı ifadələri qısa müddət ərzində dəfələrlə axtarması zamanı valideynlərə xəbərdarlıq edirdi. Yeni yanaşma isə bu mexanizmi “Instagram” və “WhatsApp” daxil olmaqla “Meta”nın platformalarında istifadə olunan süni intellekt alətləri ilə aparılan söhbətlərə də genişləndirir. Beləliklə, yenilik süni intellekt çatbotlarının uşaqlar və yeniyetmələrlə ünsiyyətində təhlükəsizlik məsələsini yenidən gündəmə gətirir. Əsas müzakirə mövzusu isə risklərin vaxtında müəyyənləşdirilməsi ilə uşaqların şəxsi ünsiyyətinin və məxfiliyinin qorunması arasında düzgün balansın necə təmin ediləcəyidir.

Şahnigar Əhmədova, “İki sahil”