03 avqust 2026 15:30
90

“ASAN AI Hub” növbəti çağırış üzrə qalib həll müəyyən edib

Ölkəmizin açıq innovasiya platforması olan “ASAN AI Hub” və “ASAN müraciət” informasiya sistemi arasında əməkdaşlıq çərçivəsində elan edilmiş süni intellekt həlli üzrə çağırışın qalibi müəyyən edilib.

“İki sahil” xəbər verir ki,  “Vizual məzmunun intellektual analizi və uyğunluğunun avtomatik yoxlanılması" mövzusu üzrə çağırışın qalibləri "Zeka Lab" komandasından Ceyran MirQasım, Rəşad Cəfərov və Bibixanım Babayeva seçiliblər.

Çağırışlar çərçivəsində ümumilikdə 20 innovativ həll təqdim olunub. İlkin qiymətləndirmə mərhələsinin nəticələrinə əsasən həll üzrə ən yüksək nəticə göstərən 4 komanda növbəti mərhələyə vəsiqə qazanıb. Bu təşəbbüs “ASAN müraciət” informasiya sisteminin süni intellekt əsaslı vizual analiz və avtomatik doğrulama imkanları ilə təkmilləşdirilməsinə yönəlib. Yekun mərhələdə isə çağırış üzrə qalib komanda 5000 AZN məbləğində mükafat ilə təltif olunub.

“ASAN AI Hub” platformasının əsas məqsədi Azərbaycanda süni intellekt sahəsində fəaliyyət göstərən tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal mühitdə bir araya gətirməkdir. Platforma açıq innovasiya modelini təşviq edərək dövlət, biznes və təhsil müəssisələri arasında effektiv əməkdaşlığı gücləndirir.

Platforma üzərindən real texnoloji problemlər açıq şəkildə elan olunur və tələbələr, universitet və elmi müəssisələrin nümayəndələri, sahibkarlar, eləcə də ictimai təşkilatlar həlləri ilə müraciət edərək mükafat fondu uğrunda rəqabət aparmaq imkanı əldə edirlər.