01 avqust 2026 23:32
130

Konqoda Ebola sürətlə yayılır: Yoluxanların yarıdan çoxu ölüb

Konqo Demokratik Respublikasında Ebola qızdırmasının yayılması "müstəsna sürətlə" davam edir.

“İki sahil” xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadən məlumat yayıb.

ÜST-nin məlumatına görə, bu, ölkədə indiyədək qeydə alınan ən iri Ebola epidemiyasıdır.

İyulun sonuna olan məlumata əsasən, Konqo Demokratik Respublikasında 3 605 təsdiqlənmiş yoluxma halı qeydə alınıb. Yoluxanların yarıdan çoxu həyatını itirib.

Təşkilat bildirib ki, son hesabat həftəsində 567 yeni yoluxma halı aşkarlanıb. Bu göstərici infeksiyanın "müstəsna sürətlə" yayıldığını göstərən rekord hesab olunur.

"The New York Times" yazır ki, 2018-ci ildə başlayan və 2020-ci ildə başa çatdığı elan olunan əvvəlki Ebola epidemiyasının bu səviyyədə insan itkisinə çatması üçün 10 aydan çox vaxt tələb olunmuşdu.

Xatırladaq ki, ÜST mayın 17-də Konqo Demokratik Respublikası və Uqandada Ebola qızdırmasının yayılmasını fövqəladə ictimai səhiyyə vəziyyəti elan edib.

Məlumata görə, hazırda yayılan "Bundibugio" ştamına qarşı təsdiqlənmiş vaksin mövcud deyil.

Qeyd edək ki, bundan əvvəl Uqanda Ebola epidemiyasının ölkədə nəzarət altına alındığını açıqlamışdı.