01 avqust 2026 16:44
97

ABŞ vətəndaşlarına Yaxın Şərqi tərk etməyi tövsiyə edib

Yaxın Şərqdə davam edən gərginlik fonunda ABŞ-nin İordaniyadakı səfirliyi Birləşmiş Ştatlar vətəndaşlarını daha ehtiyatlı olmağa və bölgəni tərk etmək imkanını nəzərdən keçirməyə çağırıb.

“İki sahil” xəbər verir ki, diplomatik nümayəndəlikdən bildirilib ki, səyyahlar aviareyslərin ləğv edilə biləcəyinə, hava məkanının müvəqqəti bağlanmasına və nəqliyyatın fəaliyyətində fasilələrin yaranmasına hazır olmalıdırlar.

Yaxın Şərqdən kənarda olan ABŞ vətəndaşlarına isə bölgəyə səfər planlarını yenidən nəzərdən keçirmək, həmçinin hava limanları və aviaşirkətlərin yaydığı məlumatları diqqətlə izləmək tövsiyə olunub.

Səfirlik ABŞ ilə əlaqəli obyektlərə, o cümlədən diplomatik nümayəndəliklərə, şirkətlərə və digər təşkilatlara mümkün hücum riski barədə də xəbərdarlıq edib. Amerika tərəfinin qiymətləndirməsinə görə, İranın və onunla əlaqəli qruplaşmaların addımlarını öncədən proqnozlaşdırmaq çətindir.