01 avqust 2026 01:35
97

Almaniya sərhəd nəzarətini Seutadakı miqrasiya böhranı fonunda uzatmağı planlaşdırır

Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt ölkənin daxili sərhədlərində tətbiq olunan nəzarət rejiminin İspaniyanın Şimali Afrikadakı Seuta anklavında yaranmış miqrasiya böhranı ilə əlaqədar sentyabrdan sonra da davam etdirilməsinin nəzərdə tutulduğunu açıqlayıb.

“İki sahil” yerli mediaya istinadla xəbər verir ki, nazir Seutadakı hadisələrin qanunsuz miqrasiyanın hələ də ciddi təhlükə olaraq qaldığını göstərdiyini və bu səbəbdən sərhəd nəzarətinin saxlanılmasının zəruri olduğunu bildirib.

Almaniyanın polis işçiləri həmkarlar ittifaqı təşkilatı da Seutadakı hadisələrdən sonra ölkəyə qanunsuz giriş cəhdlərinin arta biləcəyi barədə xəbərdarlıq edib.

Ölkənin bütün quru sərhədlərində yoxlamalar 2024-cü il sentyabrın 16-dan həyata keçirilir. Həmin vaxtdan etibarən Fransa, Lüksemburq, Belçika, Danimarka və Niderland ilə sərhədlərdə yoxlamaların aparılmasına başlanılıb. Müvəqqəti xarakter daşıyan bu nəzarətlər indiyədək iki dəfə uzadılıb. Polşa, Çexiya və İsveçrə ilə sərhədlərdə 2023-cü ilin oktyabrından, Avstriya ilə sərhəddə isə 2015-ci ildən yoxlamalar aparılır. Sərhəd nəzarəti Almaniyada hazırkı hökumətin fəaliyyətə başlamasından sonra - 2025-ci ilin mayında daha da sərtləşdirilib.