31 iyul 2026 22:53
134

Britaniyada payız büdcəsinin tarixi açıqlanıb

Böyük Britaniyanın maliyyə naziri Con Hili payız büdcəsini oktyabrın 28-də parlamentə təqdim edəcəyini açıqlayıb.

“İki sahil” xəbər verir ki, nazir videomüraciətində bildirib ki, yeni büdcənin əsas məqsədi maliyyə və qərarvermə səlahiyyətlərinin Vestminsterdən ölkənin bütün bölgələrinə yönəldilməsi olacaq.

Baş nazir Endi Börnhem hökumətin Leyboristlər Partiyasının fiskal qaydalarına sadiq qalacağını, həmçinin 2024-cü il seçki manifestində verilən gəlir vergisi, əlavə dəyər vergisi (ƏDV) və milli sığorta ödənişlərinin artırılmaması vədlərinə əməl edəcəyini bildirib.

İqtisadçılar hesab edirlər ki, hökumətin fiskal hədəflərə çatmaq üçün imkanları məhduddur. Müdafiə xərclərinin artırılması və sosial qayğının yaxşılaşdırılması kimi prioritetlər dövlət maliyyəsinə əlavə təzyiq göstərə bilər.

Con Hilinin sələfi Reyçel Rivz fiskal qaydalara uyğunluq üçün 22 milyard funt sterlinqlik maliyyə ehtiyatı qoyub. Lakin iqtisadçılar İranla bağlı münaqişənin təsiri nəticəsində davam edən inflyasiyanın bu ehtiyatı əhəmiyyətli dərəcədə azalda biləcəyini bildirirlər.