31 iyul 2026 19:06
108

Azərbaycan rəqəmsal dəhlizdə mövqeyini gücləndirir

İqtisadçı: Trans - Xəzər Fiber - Optik Kabel Xətti ölkəmizin süni intellekt və digər rəqəmsal texnologiyalar sahəsində inkişaf hədəflərinə çatmasına mühüm töhfə verə bilər

Rəqəmsal iqtisadiyyatın inkişafı fonunda ölkələr arasında məlumat mübadiləsinin sürəti və etibarlılığı artıq enerji, nəqliyyat və logistika dəhlizləri qədər strateji əhəmiyyət daşıyır. Qlobal internet trafiki ildən-ilə artdıqca yeni fiber-optik magistralların qurulması, alternativ məlumat ötürmə marşrutlarının yaradılması və rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi dövlətlərin iqtisadi və texnoloji siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Bu baxımdan Xəzər dənizinin dibi ilə çəkilən Trans - Xəzər Fiber -Optik Kabel Xətti də regionun rəqəmsal xəritəsini dəyişdirə biləcək layihələrdən hesab olunur.

Layihə təkcə Azərbaycan ilə Qazaxıstan arasında yüksək sürətli məlumat ötürülməsini təmin etməyi hədəfləmir. Onun əsas məqsədi Avropa ilə Mərkəzi Asiya arasında rəqəmsal əlaqələrin daha təhlükəsiz, dayanıqlı və alternativ marşrut üzərindən qurulmasına töhfə verməkdir. Son illərdə geosiyasi dəyişikliklər, kibertəhlükəsizlik riskləri və qlobal internet infrastrukturunun dayanıqlılığı məsələləri dövlətləri mövcud kommunikasiya xətlərinə alternativlər yaratmağa sövq edir. Bu baxımdan Trans- Xəzər marşrutu region üçün yeni rəqəmsal dəhliz kimi qiymətləndirilir.

Xəzərin dibi ilə Avropaya uzanan bağlantı

Layihənin icrası istiqamətində artıq mühüm mərhələ başlayıb. İxtisaslaşdırılmış kabelçəkən gəmi Bakı limanından çıxaraq Qazaxıstanın Aktau limanı istiqamətində sualtı fiber-optik kabelin çəkilişinə start verib. Məlumata görə, əlverişli hava şəraitində işlərin 15-20 gün ərzində tamamlanması planlaşdırılır. Bundan əvvəl Çində istehsal edilərək sınaqdan keçirilmiş zirehli optik kabel Qazaxıstanın Kurık limanına çatdırılıb, daha sonra isə Bakıya gətirilərək xüsusi kabelçəkən gəmiyə yüklənib.

Layihə Qazaxıstanın "Kazakhtelecom" SC və Azərbaycanın "AzerTelecom International" şirkətinin təsis etdiyi "CaspiLink B.V." birgə müəssisəsi tərəfindən həyata keçirilir. Bildirilir ki, kabelin hər iki ölkəyə aid hissələri artıq birləşdirilib və optik xətlər üzərində bütün texniki sınaqlar uğurla başa çatdırılıb. Dənizdə quraşdırma işlərinə başlamazdan əvvəl marşrut üzrə mühəndis araşdırmaları aparılıb, kabel xəttinin gəmi lövbərlərinin intensiv istifadə olunduğu ərazilərdən və hərbi təlim zonalarından kənar keçməsi təmin edilib, eyni zamanda, layihə üçün tələb olunan ekoloji icazələr də alınıb.

Fiber-optik kabeldən daha böyük məna

Trans - Xəzər Fiber-Optik Kabel Xəttinin 2026-cı ilin sonunadək istismara verilməsi planlaşdırılır. Mütəxəssislər hesab edirlər ki, layihə yalnız yeni rabitə xəttinin yaradılması ilə məhdudlaşmır. Bu infrastruktur gələcəkdə regionun rəqəmsal inteqrasiyasını sürətləndirə, məlumat ötürülməsinin etibarlılığını artıra, eyni zamanda, Azərbaycanın beynəlxalq internet tranziti və rəqəmsal xidmətlər bazarında rolunu gücləndirə bilər. Xüsusilə data mərkəzləri, bulud texnologiyaları, süni intellekt xidmətləri və digər rəqəmsal platformaların inkişafı üçün güclü beynəlxalq bağlantıların formalaşdırılması son illərdə prioritet istiqamətlərdən biri hesab olunur. Bu baxımdan Trans - Xəzər Fiber-Optik Kabel Xətti ölkənin rəqəmsal transformasiya hədəflərinin həyata keçirilməsində mühüm infrastruktur layihələrindən biri kimi qiymətləndirilir.

Yeni kabel xətti iqtisadiyyata nə qazandıracaq?

İqtisadçı Xalid Kərimli “İki sahil”ə açıqlamasında bildirdi ki, Trans - Xəzər Fiber-Optik Kabel Xətti Azərbaycanın rəqəmsal inkişaf strategiyası çərçivəsində xüsusi əhəmiyyət daşıyan layihələrdən biridir. Layihə uğurla həyata keçirilərsə, Avropa ilə Mərkəzi Asiya arasında rəqəmsal kommunikasiyanın alternativ marşrutlarından birinə çevrilə bilər. Bu isə Azərbaycanın regionun rəqəmsal əlaqələrində mövqeyini daha da gücləndirəcək.

Layihənin digər mühüm üstünlüyü tranzit gəlirləridir. Ümumiyyətlə, ölkə ərazisindən keçən bu cür beynəlxalq bağlantılar əlavə gəlir mənbəyi yaradır və iqtisadi dəyər formalaşdırır.

Bundan başqa, layihə Azərbaycanın daha dayanıqlı və şaxələndirilmiş internet infrastrukturuna çıxışını təmin edəcək. Bu, təkcə tranzit baxımından deyil, ölkənin özünün rəqəmsal təhlükəsizliyi və fasiləsiz internet bağlantısı baxımından da böyük əhəmiyyət daşıyır.

Azərbaycan hazırda süni intellekt, məlumat mərkəzləri (data center), bulud texnologiyaları və digər rəqəmsal xidmətlər sahəsində investisiyaların cəlb olunmasına çalışır. Belə infrastruktur layihələri də bu istiqamətdə mühüm rol oynayır. Trans - Xəzər Fiber-Optik Kabel Xətti ölkədə data mərkəzlərinin yaradılması, bulud texnologiyalarının inkişafı və rəqəmsal xidmətlərin genişlənməsi üçün əlverişli şərait formalaşdıra, eyni zamanda beynəlxalq texnologiya şirkətlərinin və investorların marağını artıra bilər.

Nigar Orucova, “İki sahil”