Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Şəhid övladlarının intellektual inkişaf proqramı” layihəsi çərçivəsində növbəti tədbirə yekun vurulub.
28–29 iyul tarixlərində Naxçıvanda yaşayan şəhid övladları və şəhid xanımları Ağbulaq İstirahət Mərkəzində təşkil olunan iki günlük yay düşərgəsində iştirak etmək üçün Naxçıvan şəhərindən yola salınıblar.
Düşərgə müddətində iştirakçılar üçün komanda quruculuğu və tanışlıq proqramları, intellektual və yaradıcı fəaliyyətlər, idman yarışları, maarifləndirici görüşlər, açıq hava əyləncələri, musiqili istirahət proqramı və digər maraqlı tədbirlər təşkil olunub.
Yay düşərgəsinin ilk günü iştirakçılar üçün həm maarifləndirici, həm də əyləncəli proqramlarla yadda qalıb. Təlimlər, intellektual oyunlar, komanda tapşırıqları və müxtəlif interaktiv fəaliyyətlər şəhid övladlarının vaxtlarını səmərəli keçirməsinə, yeni dostluqlar qurmasına və biliklərini nümayiş etdirməsinə imkan yaradıb.
Düşərgənin ikinci günü çərçivəsində “Şəhid övladları ilə gələcəyə baxış” mövzusunda Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarının rəhbərləri ilə görüş keçirilib. Görüş zamanı şəhid övladları ilə səmimi fikir mübadiləsi aparılıb, onların gələcək hədəfləri, təhsili və şəxsi inkişafı ilə bağlı tövsiyələr səsləndirilib, sualları cavablandırılıb.
Daha sonra düşərgədə iştirak edən bütün şəhid övladlarına layihədə iştiraklarına görə fəxri fərmanlar təqdim olunub.
Layihənin sonunda iştirakçılar Batabat Astrofizika Rəsədxanasına və Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkına ekskursiya ediblər. Ekskursiya zamanı onlara rəsədxananın elmi fəaliyyəti və astronomiya sahəsində aparılan müşahidələr, həmçinin Zəngəzur Milli Parkının zəngin təbiəti, biomüxtəlifliyi və mühafizə olunan canlı aləmi haqqında qısa məlumat verilib.
Yay düşərgəsində iştirak edən şəhid ailələri təşkil olunan proqramlardan məmnun qaldıqlarını bildiriblər.
Şəhid yoldaşı Aygül İbrahimova deyib ki, düşərgədə uşaqların həm maraqlı vaxt keçirməsi, həm də yeni biliklər qazanması üçün hər cür şərait yaradılıb. O bu cür layihələrin şəhid övladlarının sosiallaşmasına və özlərini daha rahat hiss etmələrinə böyük töhfə verdiyini qeyd edərək təşkilatçılara təşəkkürünü bildirib.
Şəhid övladı Mətanət İsgəndərova isə düşərgədə təşkil olunan təlimlərin, intellektual və komanda oyunlarının onda xoş təəssüratlar yaratdığını söyləyib. O bildirib ki, burada həm yeni dostlar qazanıb, həm də iştirak etdiyi oyun və fəaliyyətlərdən zövq alıb. Mətanətin sözlərinə görə, düşərgədə hər an maraqlı keçir və burada olmaq ona xüsusi sevinc bəxş edir.
Şəhid övladı Gülay İbrahimova düşərgə çərçivəsində keçirilən intellektual oyunda birinci yerə layiq görülüb. O, qazandığı uğurun sevincini bölüşərək belə tədbirlərin öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün gözəl fürsət olduğunu bildirib. Gülay qeyd edib ki, düşərgədə keçirdiyi vaxt onun üçün həm faydalı, həm də yaddaqalan olub.
İki gün davam edən yay düşərgəsi ərzində keçirilən intellektual, maarifləndirici və sosial fəaliyyətlər şəhid övladlarının bilik və bacarıqlarının inkişafına, asudə vaxtlarının səmərəli təşkilinə və onların yaddaqalan anlar yaşamasına töhfə verərək uğurla yekunlaşıb.
Bəxtiyar Əliyev,
"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi