Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun “Səlbir” yeri adlanan ərazisində arxeoloji qazıntı işlərinə başlanılıb. Arxeoloji qazıntı işlərində yerli arxeoloqlarla yanaşı bir qrup Cənubi Koreyadan olan arxeoloqlar da iştirak edirlər.
“İki sahil” xəbər verir ki, bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov məlumat verib.
Bildirilib ki, arxeoloji qazıntı işləri Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun vəkalətnaməsi və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin qarşılıqlı razılaşdırılmasına əsasən qoruğun “Səlbir” ərazisində aparılacaq.
Bu məqsədlə Qəbələ Arxeoloji Mərkəzin akt zalında Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun kollektiv üzvlərinin Cənubi Koreyadan olan arxeoloqlara görüşü təşkil olunub.
Görüş zamanı ekspedisiya tərəfindən arxeoloji qazıntıların aparılması, əldə olunan arxeoloji materialların mühafizəsi və təhlükəsizliyinin təmin olunması, ərazinin və qazıntı sahələrinin təmizliyi və yanğından mühafizəsi, həmçinin qoruq tərəfindən arxeoloji ekspedisiyaya zəruri dəstəyin və lazımı köməkliyin göstərilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Cənubi Koreyadan olan arxeoloqlar da öz növbələrində tanışlıq məqsədilə təşkil olunan görüşə görə təşəkkürlərini bildirib, qarşılıqlı şəkildə birgə fəaliyyətləri üçün onlara SEBA təşkilatı tərəfindən yaradılan şəraitə, həmçinin göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etmişlər.
Toplantıda qoruğun direktoru Zahir Kərimov arxeoloji ekspedisiyanın üzvlərinə birgə aparacaqları arxeoloji tədqiqat işlərində uğurlar arzulayıb.
Sonda qonaqlara xatirə hədiyyələri təqdim olunub, fotoşəkillər çəkilib.
Xatırladaq ki, Qoruğun tarixi ərazilərdə ilk arxeoloji qazıntılar kəşfiyyat xarakterli olaraq 1926-cı ildə arxeoloq Davud Şərifovun rəhbərliyi altında aparılıb. 1944-1945-cı illərdə arxeoloji qazıntılar yenidən kəşfiyyat xarakterli olaraq arxeoloq Saleh Qazıyev tərəfindən davam etdirilib. 1959-cu ildə Azərbaycan SSRİ Elmlər Akademiyası tərəfindən Saleh Qazıyevin rəhbərliyi altında Qəbələ arxeoloji ekspedisiyası yaradılıb. 1990-cı ilədək arxeoloji ekspedisiyanın tərkibində arxeoloq Saleh Qazıyev, Firudin Qədirov, Qara Əhmədov, İlyas Babayev, Qafar Cəbiyev və digər arxeoloqlar Qoruq ərazisində arxeoloji qazıntı işləri aparıblar.
15 illik fasilədən sonra 2005-ci ildən Qoruq ərazisində SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü, təşkilatçılığı və maliyyə dəstəyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları, 2009-cu ildən isə Cənubi Koreyadan olan arxeoloqlar Qoruq ərazisində arxeoloji qazıntılar apararaq birgə fəaliyyət göstərirlər.
Şeir, rəsm və moda bir libasda: Tünzalə Ağayeva fərqli imici ilə seçildi - FOTO/VİDEO
Faiq Ağayev: “Dream Fest” xarici qonaqlara Azərbaycanı daha yaxından tanımağa imkan yaradır