Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı “Partiya fəalları” layihəsi çərçivəsində Boradigah ərazi partiya təşkilatında fəallarla görüş keçirib.
“İki sahil” xəbər verir ki, görüş Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Görüşdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Ümummilli Lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulması, möhkəmləndirilməsi və inkişafı sahəsindəki əvəzsiz, tarixi xidmətlərindən geniş bəhs edib. Natiq xüsusi olaraq vurğulayıb ki, Ulu Öndərin uzaqgörən daxili və xarici siyasəti ölkəmizin milli dövlətçilik xəttinin əsas bünövrəsini qoyub.
Sədr öz çıxışında qeyd edib ki, dahi şəxsiyyətin zəngin siyasi irsi bu gün onun layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni, daha qüdrətli bir mərhələdə uğurla həyata keçirilir. Bu uğurlu və ardıcıl siyasi kurs sayəsində Azərbaycan həm regionda, həm də beynəlxalq müstəvidə söz sahibinə çevrilmiş, iqtisadi və hərbi potensialını maksimum dərəcədə gücləndirmişdir.
Seyfəddin Əliyev diqqətə çatdırıb ki, Ümummilli Liderin ən böyük amalı, müqəddəs arzusu və vəsiyyəti doğma torpaqlarımızın düşmən işğalından azad edilməsi idi. Bu gün fəxarət hissi ilə demək olar ki, Prezident İlham Əliyevin sarsılmaz qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı və xalq-ordu birliyi sayəsində ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Qazanılan bu tarixi və möhtəşəm Zəfər Ulu Öndər Heydər Əliyevin siyasi kursunun, onun dövlətçilik fəlsəfəsinin ən böyük təntənəsidir. Sonda natiq qeyd edib ki, bu müqəddəs reallıqların, əldə olunan uğurların və Şanlı Qələbənin gənc nəslə çatdırılmasında, habelə cəmiyyətdə geniş təbliğ olunmasında hər bir partiya üzvü xüsusi fəallıq göstərməli, bu prosesdə hər zaman ön sıralarda addımlamalıdır.
Daha sonra çıxış edən Boradigah ərazi partiya təşkilatının sədri Racim Əsgərov partiya fəallarından Tünzalə Qardaşova, Nərgiz Məmmədova, Mirvəli Fətullayev və başqaları Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi ideyaların əhəmiyyətindən bəhs ediblər. Natiqlər vurğulayıblar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən bu müdrik siyasət nəticəsində Azərbaycan ötən illər ərzində misilsiz və hərtərəfli inkişaf yolu keçmişdir. Çıxışçılar ölkəmizin qazandığı uğurların, əldə olunan nailiyyətlərin məhz bu sarsılmaz dövlətçilik xəttinin məntiqi nəticəsi olduğunu xüsusi diqqətə çatdırıblar.