23 iyul 2026 17:07
164

“AzerGold” QSC Göygöldə yerli icmalarla növbəti görüş keçirib

“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsinin üzvləri Göygöl rayonunda yerli sakinlərlə növbəti görüşünü keçirib. Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan görüşdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədr müavini, KSM Komitəsinin üzvü İlqar Cəlilov, eləcə də komitənin digər üzvləri iştirak ediblər.

“İki sahil” xəbər verir ki, görüşə Səhmdar Cəmiyyətinin hazırda hasilat işləri həyata keçirdiyi “Tülallar” qızıl mədənin yaxınlığında yerləşən Tülallar və Zurnabad kəndlərinin sakinləri qatılıblar.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov “AzerGold” QSC-nin həyata keçirdiyi layihələrin rayonun sosial-ictimai və iqtisadi həyatında mühüm rol oynadığını vurğulayıb, görülən işləri yüksək qiymətləndirərək təşəkkürünü ifadə edib.

“AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədr müavini, KSM Komitəsinin üzvü İlqar Cəlilov “Tülallar” qızıl mədəninin istismara verilməsi ilə bölgədə məşğulluğun artmasını, Cəmiyyətin fəaliyyəti nəticəsində 168 nəfər Göygöl rayon sakininin daimi işlə təmin edildiyini vurğulayıb.

Görüşdə Göygöl rayon əhalisinin rifah halının ildən ilə daha da yaxşılaşdırılması üçün atılan addımlardan və cari il ərzində uğurla həyata keçirilmiş layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Xüsusi ilə Göygöl rayonunun Tülallar, Zurnabad, Topalhəsənli və Gəncə kəndlərinin, eləcə də rayonun digər yaşayış məntəqələrinin 436 sakinini əhatə etmiş səyyar tibbi müayinə aksiyası vurğulanıb. Həmçinin, yaxın zamanda icrası planlaşdırılan aqrar, ekoloji və infrastruktur layihələrindən söz açılıb. Bildirilib ki, 2026-cı ilin sonuna kimi icra olunacaq layihələr baytarlıq, baramaçılıq, qadınların məşğulluğunun artırılması və ekoloji istiqamətləri əhatə edir.

Daha sonra vətəndaşların müraciətləri dinlənilib, yeni təşəbbüslər müzakirə olunub. Sakinlər tərəfindən qaldırılan məsələlər araşdırılması və Cəmiyyətin səlahiyyətləri və mövcud qanunvericilik çərçivəsində həll edilməsi məqsədilə qeydiyyata alınıb.

Qeyd edilib ki, hədəf qruplarına yönəlmiş təşəbbüslərin icrası çərçivəsində kənd sakinləri ilə ənənəvi görüşlərin təşkili davam etdiriləcək.