22 iyul 2026 17:14
87

U17 Dünya çempionatında iştirak edəcək millilərimizin heyəti açıqlanıb

İyulun 27-dən avqustun 2-dək Bakı dünyanın ən güclü yeniyetmə pəhləvanlarını bir araya gətirəcək.

“İki sahil” xəbər verir ki, bu gün Milli Gimnastika Arenasında U17 dünya çempionatında iştirak edəcək milli komandalarımızla görüş keçirilib. Mətbuat üçün açıq formatda təşkil olunan tədbirdə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev və federasiyanın baş katibi Pərvin Piriyev çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayaraq, onları son saniyəyədək əzmlə mübarizə aparmağa, məşqçilərin tapşırıqlarını maksimum diqqətlə dinləyib, onları icra etməyə səsləyiblər.

Daha sonra yığma komandaların böyük məşqçiləri Rafiq Hüseynov, Hacı Əliyev və Mariya Stadnik məsul yarışa hazırlıq prosesindən danışıblar və rəhbərlik etdikləri heyəti ictimaiyyətə açıqlayıblar.

Yunan-Roma güləşi üzrə millimiz yarışın ilk günlərində mübarizəyə qoşulacaq. Böyük məşqçi Rafiq Hüseynov, məşqçilər Kamran Məmmədov, Zöhrab Abbasov və Müşviq Məmmədovun rəhbərliyi altında Əli Cavadlı (45 kq), Ömər Salmanov (48 kq), Abdurrahman Hüseynli (51 kq), Qurban Məcnunov (55 kq), Elmir Çərkəzov (60 kq), Orxan Həbibli (65 kq), Nadir Həsənov (71 kq), İsfahan Həsənov (80 kq), Zöhrab Səfərov (92 kq) və Emin Baxşəliyev (110 kq) çıxış edəcək.

Növbəti yarış günlərində estafet qadın güləşinə keçəcək. Böyük məşqçi Mariya Stadnik, məşqçilər Rövşən Umudov və Solmaz Adilovanın rəhbərliyi altında Gülxanım Şirinova (40 kq), Vəfa Orucova (43 kq), Nuray Cəfərli (46 kq), Nəzrin Əhmədli (49 kq), Fatimə Bayramova (53 kq), Qaratel Quliyeva (57 kq), Fidan Babayeva (61 kq), Rəna Nuriyeva (65 kq) və Simurə Abdullayeva (69 kq) doğma arenada öz güclərini sınayacaqlar.

Yarışın son günlərində isə xalçaya sərbəst güləş üzrə millimiz çıxacaq. Böyük məşqçi Hacı Əliyev, məşqçilər Qırxlar Bədəlov, Yaşar Əliyev və Allahverdi Vəliyevin rəhbərliyi altında Tunar Həsənov (45 kq), Hüseyn Rzazadə (48 kq), İbrahim Həsənov (51 kq), Abbas Şəfiyev (55 kq), Elcan Həsənov (60 kq), Rəşid Nazarov (65 kq), Tunar Quliyev (71 kq), Nihad Süleymanlı (80 kq), Elgün Kərimli (92 kq) və Hakim Tağıyev (110 kq) U17 dünya çempionatında mübarizə aparacaq.

Xatırladaq ki, gündüz seansı hər gün 10:30-da, axşam seansı isə 17:00-da başlayacaq. Mundialın təntənəli açılış mərasimi 27 iyul 17:15-də keçiriləcək.