Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “İnkişaf Korporasiyası” QSC-nin təşkilatçılığı, “Paşa Holdinq”in maliyyə dəstəyi ilə artıq 4 ildir ki həyata keçirilən “Qarabağ KOB-ları” layihəsi cari ildə də davam etdirilir.
“İki sahil” xəbər verir ki, layihənin məqsədi şəhid ailələrinin üzvləri, müharibə veteranları və ya onların ailə üzvlərinin sahibkarlıq bacarıqlarının inkişafına, maddi və sosial rifahının yaxşılaşdırılmasına, yaşadıqları ərazilərdə yeni bizneslərin və iş yerlərinin yaradılmasına dəstək göstərməkdir.
Layihə üzrə Bakı və Gəncə şəhərləri, Abşeron, Şəmkir və Füzuli rayonlarından seçilmiş daha 55 nəfər iştirakçı təlim prosesinə cəlb edilib.
İştirakçılar üçün insan resurslarının və maliyyənin idarə olunması, satış, biznes planının hazırlanması, marketinq, sosial media marketinqi və biznesə başlama mövzularında funksional təlimlər təşkil olunub. Daha sonra seçilmiş şəxslər peşə təlimlərinə cəlb olunacaqlar.
Növbəti mərhələdə iştirakçılar Dövlət Məşğulluq Agentliyinin özünüməşğulluq proqramına cəlb olunacaq. Onların təqdim etdikləri biznes planlarına uyğun olaraq müvafiq avadanlıqlarla təmin edilmələri, kiçik və orta biznes subyektlərinin yaradılması nəzərdə tutulur.